Tələbə  süni intellekə   güvəndi, xəstəliyi  ağırlaşdı
26 oktyabr 2026 13:24 (UTC +04:00)

Tələbə süni intellekə güvəndi, xəstəliyi ağırlaşdı

0

Böyük Britaniyada 18 yaşlı tələbə Ella Blek məclisdən sonra yaranan ürəkbulanma və halsızlığını spirtli içkinin təsiri ilə əlaqələndirib. Lakin vəziyyəti getdikcə ağırlaşan gəncə xəstəxanada sepsis diaqnozu qoyulub.

Lent.az bildirir ki, bu barədə “Daily Mail” tələbənin yaşadıqları barədə məlumat yayıb.

İlk əlamətləri ciddi qəbul etməyib

Ella məclisin ertəsi səhər kəskin ürəkbulanma, üşütmə, güclü baş ağrısı və halsızlıqla oyanıb. Bunun alkoqolun təsirindən yarandığını düşünərək yataqda qalmağa qərar verib, ağrıkəsici qəbul edib. Boğazındakı ağrını da keçici narahatlıq hesab edib.

Lakin vəziyyəti yaxşılaşmayıb. Qızdırması yüksəlib, nəbzi sürətlənib və başgicəllənməsi artıb. Nəticədə otaqda sərbəst hərəkət etməkdə çətinlik çəkməyə başlayıb.

İnternetdə aldığı cavablar onu arxayınlaşdırıb

Tələbə əlamətlərinin səbəbini öyrənmək üçün internet axtarışına və süni intellektə müraciət edib. Onun sözlərinə görə, aldığı cavablarda laringit və ya yüngül virus infeksiyası ehtimalı göstərilib. Daha sonra onlayn məsləhətləşdiyi həkim də oxşar qiymətləndirmə aparıb.

Sonrakı günlərdə Ellanın vəziyyəti daha da ağırlaşıb. Davamlı qusma, qızdırma və ayaqlarında güclü ağrılar yaranıb, danışmaqda çətinlik çəkib. Yataqxanada huşu bulanıq vəziyyətdə olan tələbə anasına zəng edib. Anası onun dərhal xəstəxanaya getməsini tələb edib.

Xəstəxanada təcili müdaxilə olunub

Müayinə zamanı Ellada sepsis aşkarlanıb. Sepsis orqanizmin infeksiyaya həddindən artıq reaksiyası nəticəsində orqanların zədələnməsinə səbəb ola bilən, həyati təhlükəli vəziyyətdir.

Nəşrin məlumatına görə, həkimlər daha 12 saatlıq gecikmənin ölümcül nəticələnə biləcəyini bildiriblər.

Hansı əlamətlərə diqqət etmək lazımdır?

Məqalədə huşun qarışması, güclü üşütmə, nəfəs darlığı, dərinin kəskin solğunlaşması və ya göyərməsi, sidiyə çıxmanın ciddi azalması təhlükəli əlamətlər sırasında göstərilib.

Vəziyyət sürətlə pisləşdikdə internetdəki izahlarla kifayətlənmək və əlamətlərin öz-özünə keçməsini gözləmək olmaz. Belə hallarda təcili tibbi yardım lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar