Ürəyin daha tez  qocalmasına   səbəb olan vərdiş
05 mart 2026 13:08 (UTC +04:00)

Ürəyin daha tez qocalmasına səbəb olan vərdiş

0

Ürək sağlamlığından danışarkən insanların çoxu ilk növbədə düzgün qidalanma və fiziki aktivliyi düşünür. Şübhəsiz ki, bunlar vacibdir. Lakin kardioloqlar qeyd edirlər ki, ürək-damar sistemini səssiz şəkildə qocaldan daha bir amil var yuxu çatışmazlığı.

Lent.az xarici mediaya istinadən bildirir ki, dietoloq və terapevt Andrea Mathisin sözlərinə görə, yuxu sadəcə istirahət deyil, həm də bərpa prosesidir. O, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə, iltihabi proseslərə və hətta ürək ritminə təsir göstərir. Milli Ürək İnstitutunun məlumatına əsasən, yuxu pozuntuları və ya xroniki yuxusuzluq ürəyə əlavə yük yaradan dəyişikliklərə səbəb ola bilər.

Yuxu çatışmazlığı ürəyə necə təsir edir?

Arterial təzyiqin yüksəlməsi

Kardioloq Elizabet Klodas bildirir: “Bütün canlılar yatır və bu, yuxunun həyati vacib proses olduğunu göstərir. Yuxu azlığı və ya keyfiyyətsiz yuxu orqanizmə birbaşa təsir edir".

Araşdırma göstərib ki, xroniki yuxusuzluq simpatik sinir sisteminin tonusunu artırır. Bu isə orqanizmin daimi “mübarizə və ya qaç” vəziyyətində qalmasına səbəb olur. Nəticədə arterial təzyiq yüksəlir və aritmiya riski artır. Zamanla ürək daha intensiv işləməyə məcbur qalır, ürək əzələsi qalınlaşır, damarlar zədələnir və ürək-damar sistemi daha tez qocalır.

İltihabi proseslərin güclənməsi

Digər araşdırmaya görə, iltihab aterosklerozun damarlarda lövhəciklərin toplanmasının əsas səbəblərindən biridir.

Dietoloq Daniel Smayli izah edir ki, yuxu azlığı C-reaktiv zülal və interleykin-6 kimi iltihab markerlərinin səviyyəsini artırır. Xroniki iltihab damarların daxili qatını zədələyir, lövhəciklərin əmələ gəlməsini sürətləndirir və ürək-damar riskini yüksəldir.

İnsulinə həssaslığın azalması

Xroniki yuxusuzluq qlükoza tənzimlənməsini də pozur. Hətta qısa müddətli yuxu azalması belə insulinə həssaslığı aşağı salır. Bu isə qanda şəkərin artmasına və 2-ci tip diabet riskinin yüksəlməsinə səbəb olur. Diabet isə damar sisteminə əlavə yük yaradır və ateroskleroz riskini artırır.

Klodas əlavə edir ki, yuxusuzluq insanları ümumilikdə sağlam həyat tərzindən uzaqlaşdırır: yorğunluq idmana həvəsi azaldır, sağlam qida seçimlərini çətinləşdirir və nəticədə şəkərə nəzarət zəifləyir.

Nə qədər yatmaq lazımdır?

Optimal yuxu müddəti fərdi olsa da, mütəxəssislər gündə 7-9 saat yatmağı tövsiyə edirlər. Əgər yuxu rejimi ilə bağlı çətinliklər varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır.

Yuxunu yaxşılaşdırmaq və ürəyi qorumaq üçün nə etməli?

Gündəlik fiziki aktivlik sirkadiyal ritmləri tənzimləyir, stress hormonlarını azaldır və yuxu keyfiyyətini artırır. Yatmazdan əvvəl alkoqoldan imtina spirt tez yuxuya getməyə kömək etsə də, sonradan yuxunu pozur. Onun əvəzinə su və ya çobanyastığı çayı seçmək daha məqsədəuyğundur.

Yatmazdan əvvəl ekran vaxtını azaltmaq mavi işıq melatonin ifrazını azaldır və orqanizmin istirahətə hazırlaşmasına mane olur. Axşam düzgün qidalanma melatonin, maqnezium və kaliumla zəngin qidalara üstünlük vermək, ağır və şirin yeməklərdən uzaq durmaq vacibdir.

Bu sadə dəyişikliklər yalnız yuxunu yaxşılaşdırmır, həm də ürəyə düşən yükü azaldaraq onun daha gec qocalmasına və damar sağlamlığının qorunmasına kömək edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar