"Vəziyyət Azərbaycanın xeyirinə daha da dəyişəcək" - AKTUAL ŞƏRH
11 noyabr 2020 17:49 (UTC +04:00)

"Vəziyyət Azərbaycanın xeyirinə daha da dəyişəcək" - AKTUAL ŞƏRH

0

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı bəyanat Ermənistanın kapitulyasiya aktıdır və tam olaraq Azərbaycanın maraqlarına uyğun hazırlanıb”.

Bu sözləri Lent.az-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. O bildirib ki, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələnib:

“Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Bundan başqa, inzibati ərazisi böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının qaytarılması üçün konkret müddət qoyulub. Bu o deməkdir ki, həmin ərazilər Azərbaycana qan tökülmədən geri qaytarılacaq”.

E.Həsənli xatırladıb ki, bundan əvvəlki danışıqlarda 5 rayonun geri qaytarılması, sülhməramlıların gəlməsi və Dağlıq Qarabağa status verilməsi və digər məsələlər yer alıb:

“Azərbaycanın öz gücü hesabına qələbə qazanması isə status-kvonu dəyişdi. Dağlıq Qarabağın heç bir statusu olmayacaq. Orada yaşaya biləcək vətəndaşlar isə Azərbaycan vətəndaşları olacaqlar. Bunu qəbul edən ermənilər ərazilərdə qalacaqlar, qəbul etməyənlər isə Ermənistana qayıdacaq”.

Birlik sədri əlavə edib ki, Ermənistanla Dağlıq Qarabağı yalnız 5 kilometrlik kiçik Laçın dəhlizi əlaqələndirəcək:

“Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbiçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq. Eləcə də Dağlıq Qarabağın bütün ərazilərində hüquq-mühafizə orqanlarımız, hərbi hissələrimiz olacaq”.

E.Həsənli vurğulayıb ki, Ermənistan 44 günlük müharibənin fəsadlarını 44 ilə belə aradan qaldıra bilməyəcək:

“Biz onlardan torpaqlarımızı gücümüzlə aldıq. Onları prezidentimizin də dediyi kimi, iti qovan kimi qovduq. Hazırda orada etiraz aksiyaları başlayıb və Ermənistan uzun müddət böhran vəziyyətindən çıxa bilməyəcək.

Bunu da qeyd edim ki, Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanında oldu və indi Dağlıq Qarabağın təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. 

Əminliklə demək olar ki, yaxın illərdə vəziyyət Azərbaycan xeyirinə daha da dəyişəcək və Azərbaycan xalqı yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1835

Oxşar yazılar