Ağdaban faciəsindən 18 il ötür
08 aprel 2010 10:00 (UTC +04:00)

Ağdaban faciəsindən 18 il ötür

Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndinin ermənilər tərəfindən bir gecənin içində darmadağın etməsindən dünya ictimaiyyəti hələ də xəbərsizdir

Bu gün Bakıda Ağdaban faciəsinin 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Gəncliyə Yardım Fondunda təşkil olunan mərasimdə erməni silahlı qüvvələrinin 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə Kəlbəcər rayonun Ağdaban kəndində törətdikləri vəhşiliklərdən bəhs edilib.

Lent.az-ın məlumatına görə, tədbirdə Kəlbəcərdən olan ziyalılar, keçmiş döyüşçülər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədqiqatçı-jurnalist Məhəmməd Nərimanoğlu Ağdaban faciəsini Azərbaycanın Xocalıdan sonra ən dəhşətli, ən müdhiş ağrılarından biri kimi dəyərləndirib. Ancaq bu faciə hələ də lazımi səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırılmayıb: “Bu o yerlərdəndir ki, ora Azərbaycanın ən qədim və ən zəngin mədəniyyət ocağıdır. O yurd yeri ki, orada Ağdabanlı Qurbanın, Dədə Şəmşirin məzarları uyuyur. Məhz bu mənəvi dəyərlərin zənginliyinə görə ermənilərin Xocalıdan sonra Ağdaban faciəsinin planını ən yüksək səviyyədə həyata keçirməyi qarşılarına məqsəd qoymuşdu”.

Tədbirdə çıxış edən Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri Əvəz Həsənov da dünya ictimaiyyətinin ermənilərin Kəlbəcərin işğalından bir il əvvəl Ağdaban kəndində törətdiyi qətliamdan xəbərsiz olduğunu deyib. Halbuki, Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Xocalı soyqırımının təkrarıdır: “Təəssüf ki, bizim ölkəmizin özündə də 1992-ci il aprelin 8-də baş verən Ağdaban faciəsi barədə təbliğat işləri hələ lazımi səviyyədə deyil. Baş verən həmin qanlı hadisələr, qətllər, talanlar, nəinki dünya ictimaiyyətinə, heç Azərbaycanın gənc nəslinə də olduğu kimi çatdırılmayıb”.

Mərasimdə Kəlbəcərdə və ermənilərin işğal etdiyi digər ərazilərdə azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması, bu sahədə təbliğat işlərinin gücləndirilməsinin vacibliyi qeyd olunub. Kəlbəcərdən olan çıxışçılar bu məqsədlərə nail olmaq üçün Azərbaycan dövləti ilə yanaşı, ictimai təşkilatlardan da dəstək gözlədiklərini bildiriblər.

Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-ə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni vandalları tərəfindən yerlə yeksan edilib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. Soyqırımı zamanı 67 nəfər öldürülüb, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Tədbirdə həmçinin tədqiqatçı-jurnalist Məhəmməd Nərimanoğlunun 5 dildə hazırladığı “Ağdaban faciələri”, jurnalist Səbinə Zahirinin “Kəlbəcərə səmum küləkləri əsdi” kitabları ictimaiyyətə təqdim olunub. Hər iki kitabın məsləhətçisi Qənbər Şəmşiroğludur.

Elxan SALAHOV
# 693

Oxşar yazılar