İzmirdə ermənilərin Azərbaycanda törətdikləri soyqırımla bağlı foto-sərgi açıldı
22 aprel 2010 10:30 (UTC +04:00)

İzmirdə ermənilərin Azərbaycanda törətdikləri soyqırımla bağlı foto-sərgi açıldı

Azay Quliyev İzmir valisi və şəhər bələdiyyəsinin sədri ilə görüşəcək

Aprelin 22-də İzmir Tarixi Hava Qazı Fabrikasında ermənilərin Azərbaycanda törətdikləri soyqırımla bağlı foto-sərgi açılıb.

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Səfər Alışarlının Lent.az-a verdiyi məlumata görə, foto-sərgiyə İzmir bölgəsinin jurnalistləri, İzmirdə fəaliyyət göstərən televiziya, radio və qəzetlərinin müxbirləri gəliblər.

Tədbirdə İzmir şəhərinin rəhbərliyi də iştirak edib. Türkiyə Qəzetçilər Federasiyasının və Azərbaycan Parlament Jurnalistləri İctimai Birliyinin təşkil etdiyi bu sərgi yüksək səviyyədə keçib. Tədbirdə İzmir Böyük Şəhər bələdiyyəsinin sədri Aziz Koçoğlu çıxış edib. O, ermənilərin Azərbaycanda törətdikləri soyqırımları və ermənilərin qondarma “soyqırım” iddiaları barədə danışıb. Aziz Koçoğlu Türkiyənin daim Azərbaycanın yanında olduğunu və Azərbaycanı dəstəklədiyini vurğulayıb.

Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də çıxış edib, foto-sərginin təşkilinin məqsədi və 24 aprel ərəfəsində ermənilərin dünyada qondarma “soyqırım” iddiaları ilə bağlı fəaliyyətlərinə qarşı Azərbaycanın dövlət strukturlarının, diasporunun və qeyri-hökumət təşkilatlarının gördüyü iş barədə danışıb.

Sonra jurnalistlər və İzmir Böyük Şəhər bələdiyyəsinin sədri Aziz Koçoğlu sərgiyə baxıb, telekanallara müsahibə veriblər. Tədbirin sonunda Azapy Quliyev və Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Serpel mətbuat konfransı keçiriblər. Mətbuat konfransında bir daha sərginin məqsədi və ermənilərin Azərbaycanda törətdikləri soyqırımlarla bağlı fikirlər söylənilib, jurnalistlərin sualları cavablandırılıb.

Bu günkü tədbirlər proqramında Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İzmir Böyük Şəhər Bələdiyyə sədri Aziz Koçoğlu, İzmir valisi Cahid Kıraçı ilə görüşləri planlaşdırılır. Nümayəndə heyətinin tədbirlərdə iştirakı davam edir.

Qeyd edək ki, İzmir Tarixi Hava Qazı Fabrikası fabrik olub, hazırda muzey kimi istifadə olunmaqdadır, çox böyük zalları var. Foto-sərgi də bu böyük zalların birində keçirilir.

Parlament Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı Lent.az-a açıqlamasında deyib ki, Türkiyə Qəzetçilər Federasiyası ilə birgə belə tədbirlər Türkiyənin digər bölgələrində də təşkil olunacaq.
# 414

Oxşar yazılar