Azərbaycanın mina problemi niyə hələ də bitmir? - ARAŞDIRMA
29 sentyabr 2026 14:47 (UTC +04:00)

Azərbaycanın mina problemi niyə hələ də bitmir? - ARAŞDIRMA

0

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi müharibə başa çatdıqdan illər sonra da insan həyatı, Böyük Qayıdış, iqtisadi inkişaf və regionun gələcəyi qarşısında əsas maneələrdən biri olaraq qalır. Problemin miqyası yalnız minalarla məhdudlaşmır – partlayıcı qurğular, tələ mexanizmləri, döyüş sursatları, müharibənin digər partlayıcı qalıqlarından təmizləmə və çirklənmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsi uzunmüddətli və böyük resurs tələb edən prosesdir.

Müharibələr başa çatdıqda silahlar susur, lakin onların yaratdığı təhlükə bəzən onilliklər boyu davam edir. Azərbaycan üçün bu təhlükənin adı isə mina və müharibənin digər partlayıcı qalıqlarıdır.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin fonunda torpağın altındakı bu görünməz təhlükə yalnız hərbi və təhlükəsizlik məsələsi deyil. Mina problemi eyni zamanda humanitar, sosial, iqtisadi, ekoloji və inkişaf məsələsidir. Azərbaycan hazırda dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən biri kimi qiymətləndirilir. İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə 1 milyondan çox minanın basdırılması ehtimal olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 667 kvadrat kilometr ərazinin mina və müharibənin digər partlayıcı qalıqları ilə çirkləndiyi hesab edilir.

Müharibənin xəritəsi dəyişib, mina xəritəsi isə hələ də qalır

Mina çirklənməsinin ən yüksək olduğu ərazilər keçmiş təmas xətti və onun ətrafıdır. Digər tərəfdən antiterror əməliyyatlarına kimi qurulmuş hərbi mövqelərin ətrafı da ciddi şəkildə mina ilə çirkləndirilib. Lakin təhlükəni yalnız keçmiş hərbi mövqeləri əhatə edən problem kimi təqdim etmək mümkün deyil.

ANAMA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əkin sahələri, bağlar, qəbiristanlıqlar və digər mülki təyinatlı ərazilər də geniş şəkildə minalanıb. İşğaldan azad edilmiş rayonların bir sıra kənd qəbiristanlıqlarında belə mina hadisələrinin baş verməsi təhlükənin miqyasını göstərir.

Keçmiş təmas xəttində vəziyyəti daha da mürəkkəbləşdirən amillər arasında qarışıq mina sahələri, minaların yüksək sıxlığı, metal qalıqlarının çoxluğu, səngərlər, istehkamlar və tələ məftilləri var. Belə ərazilərdə hər bir kvadratmetrin yoxlanılması əlavə vaxt, texniki imkan və insan resursu tələb edir.

Başqa sözlə, söhbət sadəcə torpaqda mina axtarmaqdan getmir. Minaaxtaranlar bəzən hərbi mövqelərin qalıqları, metal tullantıları, partlamamış döyüş sursatları və xüsusi hazırlanmış tələ mexanizmləri ilə birlikdə işləməli olurlar.

ANAMA-dan bildirilib ki, azad edilmiş ərazilərdə aparılan əməliyyatlar zamanı böyük partlayış gücünə malik improvizə edilmiş partlayıcı qurğular da aşkarlanıb. Məsələn, Xocavənd rayonunun Tağaverd kəndində meşəlik və sıx bitki örtüyünə malik çətin relyefli ərazidə ağaca quraşdırılmış MON-50 tipli piyada əleyhinə mina aşkarlanıb.

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində isə evlərin təmizlənməsi zamanı damda, sütunda və giriş qapısında tələ məftili vasitəsilə döyüş vəziyyətinə gətirilmiş iki F-1 əl qumbarası müəyyən edilib.

Xocavəndin Bulutan kəndində aşkarlanan qurğu isə təhlükənin daha mürəkkəb formasını ortaya qoyur. Tərk edilmiş yaşayış evlərindən birində PQ-7L raketinin üzərinə onlarla atıcı silah patronları bağlanıb və qurğu əl qumbarası partladıcısından istifadə edilməklə tələ mexanizminə çevrilib.

Digər əməliyyatlar zamanı Xocavənd ərazisində yaşayış binaları, mərkəzi rayon xəstəxanası və yaşayış məhəllələri yaxınlığındakı körpülərdə ümumilikdə 200 kiloqramdan artıq trotil tərkibli qutulardan ibarət, tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.

Ağdamda isə yol kənarında torpaqla örtülmüş təpəciklərin daxilində 240 millimetrlik 9M24F turbo reaktiv raket və 30-dan çox 120 millimetrlik minaatan mərmisinin kompakt şəkildə bir-birinə bağlandığı hallar aşkarlanıb.

Bu faktlar göstərir ki, mina təhlükəsinin aradan qaldırılması klassik mina təmizləmə əməliyyatından daha geniş anlayışdır.

305 min hektardan çox ərazi təmizlənib

Bütün bu mürəkkəbliyə baxmayaraq, son illərdə Azərbaycanda minatəmizləmə sahəsində böyük həcmdə iş görülüb.

ANAMA-nın təqdim etdiyi məlumata əsasən, 2020-ci il noyabrın 10-dan 2026-cı il sentyabrın 29-dək humanitar minatəmizləmə əməliyyatları nəticəsində 305,383.7 hektar ərazi təmizlənib.

Həmin müddətdə ümumilikdə 265 376 mina və digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib. Onların 197 330-ni digər partlayıcı sursatlar, 43 833-ni piyada əleyhinə minalar, 24 213-ni isə tank əleyhinə minalar təşkil edib.

Bu rəqəmlərin arxasında təkcə texniki əməliyyatlar deyil, həm də minaaxtaranların gündəlik həyatı üçün ciddi risk dayanır.

Qazaxdan Qarabağa qədər

Mina problemi yalnız Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmır. Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprelindən etibarən minatəmizləmə fəaliyyəti həyata keçirilir.

Məlumata görə, burada 451.4 hektar ərazi təmizlənib, 1 265 piyada əleyhinə mina, 154 tank əleyhinə mina və 111 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bu ərazilərdə həm relyefin mürəkkəbliyi, həm də yüksək mina çirklənməsi əməliyyatların sürətinə təsir edən əsas amillərdəndir.

Mina xəritələrinin olmaması və ya mövcud sənədlərin qeyri-dəqiq olması da prosesi çətinləşdirən məsələlərdəndir.

Ermənistan tərəfindən təqdim olunan mina sahələrinin formulyarlarının əksər hissəsində koordinatlar, istinad nöqtələri və minaların yerləşdirilməsi barədə məlumatlar natamam və qeyri-dəqiq olub. ANAMA-nın təqdim etdiyi məlumatlara əsasən, təhlillərdən sonra həmin sənədlərin real mina sahələri ilə uyğunluğunun aşağı olduğu, koordinatların isə bir sıra hallarda yararsız olduğu müəyyən edilib və sənədlərin cəmi 25 faiz dəqiqlik və etibarlılıq əks etdirdiyi bildirilib.

Bu vəziyyət minatəmizləmənin başqa bir xüsusiyyətini ortaya çıxarır: xəritədə boş görünən ərazi sahədə təhlükəsiz ərazi demək deyil.

276 hadisə, 441 mina qurbanı

Mina və digər partlayıcı sursat təhlükəsinin ən ağır göstəricisi isə insan itkisidir.

2020-ci il noyabrın 10-dan 2026-cı il sentyabrın 29-dək Azərbaycanda 276 mina hadisəsi qeydə alınıb.

Bu hadisələr nəticəsində 441 nəfər mina qurbanı olub. Onlardan 73 nəfər həlak olub, 368 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu rəqəmlər müharibənin partlayıcı qalıqlarının hələ də insanlar və ətraf mühit üçün təhdidlər yaratdığının göstəricisidir. Mina bu gün də insanları öldürür və yaralayır.

Həm də risk yalnız peşəkar minaaxtaranlarla məhdudlaşmır. Öz torpağına qayıdan sakin, əkin sahəsinə gedən fermer, yol infrastrukturu üzərində çalışan işçi və ya ərazidə hər hansı təsərrüfat fəaliyyəti aparan şəxs potensial mina təhlükəsi ilə üzləşə bilər.

Buna görə Böyük Qayıdışla minatəmizləmə arasında birbaşa əlaqə yaranır.

Böyük Qayıdışın görünməyən şərti

İşğaldan azad edilmiş ərazilərdə yeni yolların, məktəblərin, xəstəxanaların, yaşayış massivlərinin, elektrik və su infrastrukturlarının yaradılması paralel şəkildə minatəmizləmə tələb edir.

Ərazi mina təhlükəsindən azad edilmədən orada təhlükəsiz yaşayış məntəqəsi yaratmaq mümkün deyil.

BMT-nin məlumatına görə, 2026-cı ilin sentyabrına qədər Azərbaycanın təxmin edilən mina ilə çirklənmiş ərazilərinin 25,9 faizi təhlükəsiz istifadə üçün istifadəyə verilmişdi və bu proses təxminən 40 300 keçmiş məcburi köçkünün qayıdışına, iqtisadi fəaliyyətin və ictimai xidmətlərin bərpasına imkan yaradıb.

Hazırda ərazilərdə ümumilikdə 93 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Minatəmizləmə fəaliyyəti yalnız keçmiş məcburi köçkünlərin qayıdışına deyil, bütövlükdə ərazilərdə təhlükəsiz yaşayışın və fəaliyyətin təmin edilməsinə, infrastrukturun qurulmasına, iqtisadi fəaliyyətin genişləndirilməsinə və ictimai xidmətlərin təşkilinə imkan yaradır.

Beləliklə, mina problemi təkcə “torpağın təmizlənməsi” deyil. Bu, faktiki olaraq şəhərin qurulmasından əvvəl onun təhlükəsizliyinin təmin edilməsidir.

Çəpərlər niyə vacibdir?

Mina təhlükəsi ilə ən çox çirklənmiş, yüksək risk qrupu olan ərazilərdə təhlükənin idarə olunmasının başqa bir mexanizmi də çəpərləmədir.

ANAMA-dan bildirilib ki, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilər konservasiya edilərək çəpərlənir. Bu, beynəlxalq minatəmizləmə standartlarına uyğun təhlükəsizlik tədbiri olmaqla yanaşı, insan həyatının qorunmasına yönəlmiş müvəqqəti mexanizmdir.

Burada əsas problem isə çəpərlənmiş ərazilərə qanunsuz müdaxilələrdir.

Baryerlərin sökülməsi və ya zədələnməsi, həmin ərazilərdə təsərrüfat fəaliyyətinin aparılması yalnız konkret şəxsin həyatını riskə atmır. Belə müdaxilələr mina sahələrinin tədqiq olunması və sonrakı təmizləmə prosesinə də mənfi təsir göstərə bilər. Başqa sözlə, mina ilə mübarizə yalnız minanı tapıb zərərsizləşdirməkdən ibarət deyil. Təhlükənin olduğu əraziyə insanların daxil olmasının qarşısının alınması da prosesin bir hissəsidir.

Maarifləndirmə – minaya qarşı ilk müdafiə xətti

Müasir dövrdə daha çox istifadə edilən mina əleyhinə fəaliyyət anlayışında maarifləndirmə xüsusi yer tutur.

ANAMA-nın ərazilərdə xəbərdaredici lövhələr və xüsusi nişanlar quraşdırması, köç edən və həmin ərazilərdə fəaliyyət göstərən qurumların nümayəndələri üçün maarifləndirmə tədbirləri keçirməsi də bununla bağlıdır.

Çünki mina görünməyə bilər. Vətəndaş isə bəzən təhlükəli əraziyə daxil olduğunu bilməyə bilər.

Bu səbəbdən mina təhlükəsi barədə məlumatlılıq minatəmizləmənin özü qədər vacib preventiv mexanizmdir. Təhlükəli əraziləri tanımaq, riskli ərazilərdə davranış qaydaları, ümumiyyətlə partlayıcı sursat təhlükəsinə qarşı məsuliyyətli yanaşma vacib faktordur.

Beynəlxalq dəstək kifayətdirmi?

BMT və Azərbaycan arasında minatəmizləmə avadanlıqlarının alınması və Mina Fəaliyyəti üzrə Mükəmməllik Mərkəzinin yaradılmasını nəzərdə tutan layihə üzrə müzakirələr davam edir.

Aİ-nin 2025–2027-ci illər proqramı çərçivəsində mina fəaliyyəti üçün əlavə 5 milyon avronun nəzərdə tutulduğu bildirilir. Sənəddə maliyyə öhdəliyinin müvafiq büdcə illərində vəsaitlərin mövcudluğu və sonrakı prosedurlardan asılı olduğu da qeyd olunur.

Yaradılması planlaşdırılan Mükəmməllik Mərkəzi Azərbaycanın mina fəaliyyəti sahəsində əldə etdiyi təcrübənin mina problemi ilə üzləşən digər ölkələrlə bölüşülməsinə imkan verə bilər. Bu layihə gələcək əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilir və sonradan fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.

2024-cü ilin 16 yanvar tarixində Səudiyyə Ərəbistan tərəfi ilə Maliyyə Yardımının ayrılmasına dair imzalanmış Anlaşma Memorandumuna əsasən Səudiyyə Ərəbistanı Krallığını təmsil edən Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə ölkəmizin işğaldan azad olunmuş ərazilərində icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə 3 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti tərəfindən həmin ölkənin Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin göstərilməsi məqsədilə 5 milyon ABŞ dolları məbləğində vəsait ianə edilməsi barədə 2024-cü ilin 26 noyabr tarixində Anlaşma Memorandumu imzalanıb.

2025-ci il 23 aprel tarixində ANAMA ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında imzalanmış “Humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”na uyğun olaraq, Çin hökuməti tərəfindən 324 541 ABŞ dolları məbləğində maliyyə vəsaiti ANAMA-ya ianə edilib.

Bununla yanaşı, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə 2 ədəd BXM-2000 tipli əl rentgen cihazı cari ildə ANAMA-ya ianə olunub.

ABŞ-ın Marşal İrsi İnstitutu, Xorvatiya, Böyük Britaniyanın QHT-si olan APOPO tərəfindən minaaxtaran itlər və heyvanlarla aşkarlama dəstəyi göstərilib.

2025-ci il 7 iyul tarixində ANAMA və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) arasında “Azərbaycan Respublikasında Humanitar Minatəmizləmə Fəaliyyətinə Dəstəyin Təmin Edilməsinə” dair Anlaşma Memorandumu imzalanıb. Memorandum humanitar minatəmizləmə potensialının gücləndirilməsi, mövcud təşəbbüslər və platformalar vasitəsilə mina fəaliyyəti sahəsində əməkdaşlığın genişləndirilməsi, humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsinin aparılması və ANAMA əməkdaşları üçün müvafiq təlim proqramlarının həyata keçirilməsi istiqamətlərində GICHD-nin ANAMA-ya dəstəyini nəzərdə tutur.

Bununla yanaşı, ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə 2026-cı ilin 2-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda beynəlxalq konfrans zamanı ANAMA ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi arasında “Minatəmizləmə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. İmzalanan sənəd Azərbaycanın mina probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də müxtəlif regionlarda fəaliyyət göstərən minatəmizləmə qurumları arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan son illərdə mina problemini yalnız milli məsələ kimi deyil, beynəlxalq gündəm kimi də təqdim etməyə çalışır.

Prezident İlham Əliyev də 2026-cı ilin sentyabr ayında IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində məhz bu məsələyə diqqət çəkib. Dövlət başçısı bildirib ki, Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərin bərpasının əsas yükünü milli resursları hesabına daşıyır, lakin çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və insanların təhlükəsiz qayıdışının humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və praktik dəstək tələb edir. O, proqnozlaşdırıla bilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiya transferi və uzunmüddətli tərəfdaşlıqları vacib istiqamətlər kimi göstərib.

2025-ci ildə Xarici İşlər Nazirliyi bildirmişdi ki, Azərbaycan BMT, NATO və digər beynəlxalq tərəfdaşlarla mina probleminin aradan qaldırılması və humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq yardımın cəlb edilməsi istiqamətində diplomatik səyləri davam etdirib. Həmin il Azərbaycan BMT İnsan Hüquqları Şurasında piyada əleyhinə minaların insan hüquqlarından istifadəyə təsiri ilə bağlı qətnamənin əsas həmmüəlliflərindən biri olub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müxtəlif çıxışlarında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 2024-cü ildə Zəngilanda keçirilən tədbirdə o, beynəlxalq əməkdaşlığın minatəmizləmə baxımından vacib olduğunu bildirmiş, Azərbaycanın mina probleminə görə qlobal miqyasda ön sıralarda olduğunu qeyd etmişdi.

Azərbaycanın əsas arqumenti belədir: mina çirklənməsinin miqyası o qədər böyükdür ki, problemin yalnız milli resurslar hesabına həlli uzun müddət tələb edə bilər. Bu yanaşma problemin əsas düyününü də göstərir: Azərbaycanın ehtiyacı təkcə pul deyil.

Azərbaycana hansı dəstək lazımdır?

Mina ilə mübarizədə beynəlxalq yardım bir neçə istiqaməti əhatə edə bilər.

Birincisi, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşmədir. Minatəmizləmə layihəsi bir neçə aylıq kampaniya deyil. Ərazinin tədqiqatı, xəritələndirilməsi, təmizlənməsi, keyfiyyətə nəzarət və sonrakı təhlükəsizlik tədbirləri uzun müddət tələb edir.

İkincisi, müasir texnologiyalar və avadanlıqlardır. Mexaniki minatəmizləmə vasitələri, dronlar, uzaqdan zondlama, süni intellekt əsaslı məlumat analizi və mina aşkarlama texnologiyaları prosesin sürətini artıra bilər.

Üçüncüsü, təlim və insan kapitalıdır. Minaaxtaran mütəxəssislərin hazırlanması, tibbi heyətin təlimi, maarifləndirmə tədbirləri, mina qurbanlarına yardım və beynəlxalq təcrübənin ötürülməsi uzunmüddətli nəticə yaradır.

Dördüncüsü, təcrübə mübadiləsidir. Bu baxımdan Azərbaycan artıq yalnız yardım alan tərəf deyil, müəyyən təcrübəsini digər ölkələrlə bölüşən ölkəyə də çevrilir.

Bakıdakı IV Beynəlxalq Minatəmizləmə Konfransının özü də Azərbaycanın bu məsələdə beynəlxalq platforma yaratmaq cəhdinin göstəricisidir. BMT ilə birgə keçirilən tədbirdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edib. Konfrans iştirakçıları 155 müxtəlif qurumu təmsil edib. Bu qurumlar sırasına beynəlxalq təşkilatlar, milli minatəmizləmə qurumları, dövlət qurumları, qeyri-hökumət təşkilatları, akademik və tədqiqat institutları, xarici media və özəl sektor nümayəndələri, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklər daxildir. Konfrans çərçivəsində humanitar minatəmizləmənin şəhər bərpası, təhlükəsiz qayıdış, dayanıqlı icmaların formalaşdırılması və uzunmüddətli inkişaf proseslərində rolu, beynəlxalq əməkdaşlıq və donor mexanizmləri, humanitar minatəmizləmənin icmaların dayanıqlığının təmin edilməsində rolu, mina təsirinə məruz qalmış ərazilərin bərpasında siyasətlərin inteqrasiyası, texnologiya və innovasiyaların humanitar minatəmizləmə əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyinin artırılmasında rolu və müxtəlif ölkələrin humanitar minatəmizləmə sahəsində milli təcrübələri müzakirə edilib. Konfransın sonunda iştirakçılar tərəfindən Yekun Bəyanat qəbul edilib.

Qeyd edək ki, konfrans çərçivəsində aparılan müzakirələr və təcrübə mübadiləsi humanitar minatəmizləmə sahəsində yeni tərəfdaşlıqların və birgə təşəbbüslərin inkişafına töhfə verib. Konfrans, həmçinin Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfələri təqdim etmək üçün mühüm platforma olub.

Azərbaycan özü də beynəlxalq təcrübəyə töhfə verir. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan mina probleminin həlli ilə yanaşı, bu sahədə beynəlxalq təcrübə və bilik mərkəzinə çevrilmək istiqamətində də addımlar atır. Bu yanaşma problemin yalnız “Azərbaycanın problemi” kimi deyil, müharibədən sonra torpaqların bərpası ilə üzləşən bütün ölkələr üçün ortaq problem kimi təqdim edilməsinə xidmət edir.

Qeyd edək ki, ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq platformalarda fəal iştirak edir, Azərbaycanın təcrübəsini bölüşür, qabaqcıl yanaşma və texnologiyaları öyrənir, beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir.

Əsas sual: mina problemi nə vaxt bitəcək?

Mina probleminin ən çətin tərəfi onun dəqiq bitmə tarixinin müəyyənləşdirilməsinin çətinliyidir. Çünki torpağın altında nə qədər mina və partlayıcı qurğunun qaldığı tam məlum deyil. Bəzi ərazilər üzrə xəritələrin qeyri-dəqiq olması, mina sahələrinin nizamsız minalanması, tələ mexanizmləri, metal çirklənməsi və mürəkkəb relyef prosesi daha da çətinləşdirir.

Bütün bu çətinliklərə baxmayaraq, ərazilərin mərhələli şəkildə mina və partlayıcı qurğulardan təmizlənməsi təmin edilir və bu proses Böyük Qayıdış çərçivəsində əhalinin təhlükəsiz şəkildə öz doğma yurdlarına qayıdışına şərait yaradır. Şəhərlər salınır, yollar çəkilir. Digər tərəfdən isə həmin ərazilərin bir hissəsində torpağın altındakı təhlükə hələ də qalır.

Bu səbəbdən Azərbaycanın mina problemi postmünaqişə dövrünün ən uzunmüddətli çağırışlarından biridir. BMT də mina fəaliyyətini Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyinin tərkib hissəsi kimi qiymətləndirir. Təşkilatın Azərbaycandakı nümayəndəsi 2026-cı ilin sentyabrında mina fəaliyyətinin ölkənin milli inkişaf prioritetlərindən birinə çevrildiyini və Azərbaycanın bu sahədə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul etdiyini qeyd edib.

Sülh yalnız silahların susması deyil

Azərbaycanın mina problemi ilə bağlı ortaya qoyduğu rəqəmlər bir həqiqəti göstərir: müharibənin nəticələri atəşkəs və ya sülh sənədi ilə avtomatik aradan qalxmır.

Torpağın təhlükəsiz olması üçün əvvəlcə onun altındakı təhlükə aradan qaldırılmalıdır. Bu səbəbdən mina ilə mübarizə Azərbaycan üçün yalnız keçmişin hesabını bağlamaq deyil, gələcəyin təhlükəsizliyini qurmaq məsələsidir.

Böyük Qayıdışın real mənada başa çatması üçün insanların yalnız yeni evə köçməsi kifayət etmir. Onların həmin evdən təhlükəsiz şəkildə çıxıb kəndə, məktəbə, işə, əkin sahəsinə və qəbiristanlığa gedə bilməsi lazımdır.

Məhz buna görə minatəmizləmə fəaliyyəti bərpa prosesinin texniki əlavəsi deyil, onun başlanğıc şərtidir.

Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözləntisi də məhz bu nöqtədə formalaşır: problemin miqyasına uyğun, davamlı, praktiki və uzunmüddətli dəstək.

Çünki mina bir günün, bir ilin və hətta bir nəslin problemi deyil.

Müharibənin qoyduğu mina xəritəsi silinməyincə, torpağın tam mənada təhlükədən azad edildiyini söyləmək mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar