Azərbaycan, Pakistan və Türkiyənin maraqları CICA və ya G8 kimi beynəlxalq təşkilatlarda hər zaman üst-üstə düşmür və bu səbəbdən yeni platformaların yaradılmasına ehtiyac duyulur.
Lent.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada pakistanlı nümayəndənin sualına cavabında deyib.
Prezidentin köməkçisi bildirib ki, ilk olaraq ölkələrin media strukturları bir-birini tanımalı və sıx əməkdaşlıq etməlidir:
“Dünyanın müxtəlif yerlərindən olan jurnalistlər bir çox hallarda dezinformasiya kampaniyalarının obyekti və ya daşıyıcısına çevrilə bilir. Ənənəvi beynəlxalq media subyektləri yerli mədəniyyətə tam inteqrasiya oluna bilmir və müəyyən stereotiplər formalaşır. Qlobal Cənub çərçivəsində ölkələrin malik olduğu ümumi dəyərlər sayəsində səylərin birləşdirilməsi vacibdir. Əsas məqsəd dezinformasiyalara qarşı birgə mübarizə aparmaq və ölkələrə qarşı yönəlmiş qərəzli stereotipləri aradan qaldırmaqdır”.