SSRİ-ni süquta uğradan Belovej “üçlüyü” - Yeltsin, Kravçuk və Şuşkeviçi nə birləşdirirdi?
11 may 2022 20:15 (UTC +04:00)

SSRİ-ni süquta uğradan Belovej “üçlüyü” - Yeltsin, Kravçuk və Şuşkeviçi nə birləşdirirdi?

Belovej razılaşması Sovet İttifaqının mövcudluğuna yekun nöqtə qoyan hadisə sayılır.

1991-ci il dekabrın 8-də Belarusun Belovej meşəsində yerləşən “Viskuli” hökumət mülklündə imzalanan razılaşma “qırmızı imperiya”nı tarixin arxivinə göndərməklə yanaşı, ona üzv olmuş müttəfiq respublikaların əsasında Müstəqil Dövlətlər Birliyinin yaradılmasını nəzərdə tuturdu.

Müqaviləni Ukrayna Prezidenti Leonid Kravçuk, Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç və Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin imzalanmışdı.

Mayın 10-da Ukraynanın ilk Prezidenti Leonid Kravçuk vəfat etdi. Onun ölümü ilə Sovet İttifaqının süqutunu rəsmiləşdirən Belovej razılaşmasını imzalayan sonuncu şəxs də vəfat etmiş oldu. Belə ki, ondan 1 həftə öncə, mayın 3-də Belarus Ali Sovetinin sabiq sədri Stanislav Şuşkeviç vəıfat etmişdi.

Rusiyanın birinci Prezidenti Boris Yeltsin isə hələ 2007-сi il aprelin 23-də ölmüşdü.

Lent.az Sovet İttifaqının mövcudluğunu rəsmiləşdirən Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviçin həyatına qısa nəzər salır.

Leonid Kravçuk 1934-cü il yanvarın 10-da Ukraynanın qərbində yerləşən Rovno şəhərinin Velikiy Jitin kəndində doğulub. Bu ərazilər 1939-cu ilə qədər Polşaya məxsus olduğu üçün onun atası Makar Alekseyeviç Polşa Ordusunun zabiti idi. Makar Kravçuk 1944-cü ildə Belarusda Almaniya Ordusu ilə döyüşlərdə həlak olmuşdu.

Kravçukun əmisi Mitrofan Alekseyeviç isə Sovet İttifaqı əleyhinə təbliğata görə İkinci Dünya Müharibəsinin gedişində güllələnmişdi.

Gələcək dövlət başçısı ali təhsilini Kiyev Dövlət Universitetində alır. O, burada “Siyasi İqtisadiyyat” ixtisasını bitirir və iqtisad elmləri namizədi adını alır

Leonid Kravçuk 1970-1991-ci illərdə Kommunist Partiyasında müxtəlif postlar tutur. 1980-ci ilin yazında o ilk dəfə Ukrayna SSR Ali Sovetinin deputatı seçilir. “Yenidənqurma” dövründə onun siyasi karyerası sürətlə yüksəlməyə doğru gedir. Belə ki, 1990-cı il iyulun 23-də o, Ukrayna Ali Sovetinin sədri seçilir. Bundan 1 ay əvvəl isə Kravçuk vəfat etmiş Ukrayna SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin 2-ci katibinin yerinə təyinat alır.

Məhz onun rəhbərliyi altında 1991-c iil avqustun 24-də Ukraynanın Müstəqillik Aktı qəbul olunmuşdu.

Eyni zamanda o, 1991-ci il avqustun 24-dən dekabrın 5-nə qədər Ukrayna Ali Radasının sədri vəzifəsini də icra edir.

Həmin ilin noyabrında isə Sovet İttifaqının yenilənməsini nəzərdə tutan yeni İttifaq Müqaviləsini perspektivsiz sayaraq imzalamaqdan imtina edir.

Kravçuk 1991-ci il dekabrın 1-də keçirilən Prezident seçkilərində 61,6% səs toplayaraq müstəqil Ukraynanın birinci Prezidenti seçilir. Məhz onun dövründə Ukrayna suveren ölkə kimi ilk addımlarını atır, iqtisadiyyatını, diplomatiyasını və siyasi həyatını yeni sistemə uyğunlaşdırmağa başlayır.

Leonid Kravçuk prezidentliyinin ən qalmaqallı və illər sonra tənqid edilən addımı isə 1994-cü il yanvarın 14-də atılır. Budapeşt razılaşması adını alan üçtərəfli Ukrayna, Rusiya və ABŞ müqaviləsi əsasında ərazi bütövlüyünün təmin olunması qarşılığında rəsmi Kiyev ərazisindəki nüvə bombalarını Rusiyaya verir. Proses 1996-cı il iyunun 1-də başa çatır.

1994-cü ildə keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda 45,1% səs toplayan Kravçuk opponenti Leonid Kuçmaya məğlub olur. Həmin seçkilər ölkədə dərin iqtisadi böhran, Donbasdakı mədənçilərin sosial tələblərə kütləvi tətil keçirdiyi zamana təsadüf edir.

Prezidentlik müddəti davamlı olmasa da, Kravçuk məğlubiyyətdən sonra da siyasət səhnəsindən getmir. O, “Sosial-Bazar Seçimi” fraksiyası, “Konstitusion Mərkəz” deputat qrupunun, Ukrayna Sosial-Demokratlar Partiyasının üzvü kimi deputat səlahiyyətlərini icra edir.

Kravçuk 1994-2006-cı illərdə fasiləsiz olaraq Ukrayna Ali Radasının deputatı olur.

2015-c ildə Leonid Kravçuk “Ukrayna NATO-da Hərəkatı” ictimai birliyinin sədri seçilir.

2020-ci il iyulun 28-dən 2022-ci il fevralın 21-nə qədər isə o, Donbas bölgəsindəki münaqişənin həlli ilə bağlı yaradılmış üçtərəfli kontakt qrupunda Ukrayna nümayəndə heyətinin sədri kimi danışıqlarda iştirak edir.  

Ukraynanın qərbyönlü elektoratının prezidenti kimi görülən Kravçuk bununla belə, ölkənin şərqində və cənubundakı çoxsaylı rusdilli elektorlarla da konstruktiv dialoq qura bilmişdi. Zamanla onun Rusiyaya qarşı yanaşması dəyişir və son illərində Kravçuk Rusiyanın Ukraynaya düşmən gözü ilə baxdığını və əgər evinə rusiyalı hərbçilər gələrsə, sonuncu gülləsinə qədər döyüşəcəyini söyləyirdi.

İllər sonra Kravçuk “Rusiyaya inanmağım ən böyük səhvim idi”- deyə etiraf etmişdi.

O, müstəqil Ukrayna dövlətinin qurulması zamanı Rusiyanın daim ona mane olduğunu, hazırkı Rusiya lideri Vladimir Putinin isə ölkəsinə ərazi iddiaları irəli sürmək üçün tarixi saxtalaşdırdığını deyirdi.  

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya hücum edəndə Kravçuk eks-prezidentlər Viktor Yuşşenko və Leonid Kuçma ilə birlikdə ölkə sakinlərinə müraciət ünvanladı. Müraciət “Biz birlikdə qalib gələcəyik”, sözləri ilə bitirdi. Leonid Kravçuk 88 yaşında vəfat edib.

Leonid Kravçukdan 6 gün öncə, mayın 3-dən 4-nə keçən gecə Belovej razılaşmasının daha bir iştirakçısı, Belarus Ali Sovetinin sədri olmuş Stanislav Şuşkeviç 88 yaşında vəfat etmişdi.

Stanislav Şuşkeviç 1934-cü il dekabrın 15-də Belarusun paytaxtı Minskdə doğulub. Müstəqil Belarusun ilk liderinin atası – yazıçı Stanislav Şuşkeviç anti-Sovet təbliğatına görə bir neçə dəfə müehakimə olunmuşdu. Anası Yelena Romanovskaya isə polyak mənşəli dvoryan nəslindən idi. O

Atasının məhkumluğuna baxmayaraq, Şuşkeviç ciddi elmi nailiyyət əldə edir. O 1951-ci ildə məktəbi gümüş medalla bitirib, 1956-cı ildə Belarus Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Sonradan Belarus SSR Elmlər Akademiyasının Fizika İnstitutunda “Radiospektroskopiya” ixtisası üzrə aspiranturanı bitirən Şuşkeviç öncə radiozavodda çalışır, ardınca Belarus Dövlət Universitetinin nüvə fizikası kafedrasının dosenti, Minsk Radiotexnika İnstitutunda elmi iş üzrə prorektor, 1971-ci ildən isə Belarus Dövlət Universitetinin nüvə fizikası kafedrasının dekanı çalışır.

Stanislav Şuşkeviç 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi adını alır.

O uzun illər ancaq elmi fəaliyyətlə məşğul olur və yalnız 1986-cı ildə siyasətə aktiv qoşulur. Həmən il Şuşkeviç Çernobıl AES-də baş verən qəzanı araşdıran komissiyanın üzvü seçilir və dərhal Kommunist Partiyasının rəhbərliyi ilə ciddi fikir ayrılığı yaranır, o komissiyadan çıxarılır.

Ama uzun illər çalışdığı Belarus Dövlət Universiteti ona ciddi dəstək verir və SSRİ Ali Sovetinə keçirilən seçkilərdə onun namizədliyini irəli sürür.  

Nəticədə, 1990-cı ildə Şuşkeviç Belarus Ali Sovetinin deputatı, daha sonra isə sədrin 1-ci müavini seçilir. Həmən ili o, Belarus parlamentində “Demokratik Axın” qrupunun rəhbəri olur. 1991-ci ilin avqustunda Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (QKÇP) SSRİ Prezidenti Mixail Qorbaçovu devirmək planına da Şuşkeviç etiraz edir. “QKÇP”nin çevriliş cəhdinin uğursuzluğundan sonra Belarus Ali Sovetinin sədri Nikolay Dementey postunu tərk edir və Şuşkeviç sədr olur.  

O, Ali Sovetin növbədənkənar iclasını çağıraraq Belarusun dövlət suverenliyi barədə qanunun qəbul olunmasına nail olur.  

Belarusun gələcək siyasi quruluşu ilə bağlı Konstitusiya layihəsi ölkədə ciddi böhran yaradır. Nəticədə, 1994-cü il yanvarında Ali Sovetin sədri postundan istefaya göndərilir.

1994-cü ilin iyununda Belarusda keçirilən ilk Prezident seçkilərində Şuşkeviç 10% səs toplayaraq ikinci tura keçə bilmir. İkinci turda rəqibi Vyaçeslav Kebiçi məğlub edən Aleksandr Lukaşenko Belarus Prezidenti seçilir.

1996-cı ildə Belarus Ali Sovetinin deputatı seçilən Şuşkeviç siyasi fəaliyyətini davam etdirir. O 1998-2018-ci illərdə müxalif “Belarus Sosial-Demokratik “Qramada” Partiyasına sədrlik edir.

Ömrünün sonuna qədər Sovet ittifaqının süqutunda oynadığı rolla fəxr edən siyasətçi Belarusdan nüvə başlıqlarının çıxarılmasını rəhbərlik etdiyi dövrün əsas nailiyyəti sayırdı.

O, Aleksandr Lukaşenkonu Rusiya ilə yaxınlaşmaya yönələn siyasətinə görə ciddi şəkildə tənqid edirdi. Şuşkeviç həmçinin, Belarusun dövlət bayrağının ağ-qırmızı-ağ rənglərinə qaytarılmasını, ölkədə yalnız belarus dilinə dövlət statusunun verilməsinə çağırış edirdi.

O 2020-ci ildə Belarusda prezident seçkilərindən sonra başlayan etiraz dalğasına da dəstəyini ifadə etmişdi.

Belovej razılaşmasını imzalayan “trio”nun vəfat edən ilk nümayəndəsi isə Rusiyanın birinci Prezidenti Boris Yeltsin olub.

Boris Yeltsin 1931-ci il fevralın 1-də Sverdlovsk vilayətində kəndli ailəsində anadan olub. Kravçuk və Şuşekviç kimi Yeltsinin ailəsinə də Sovet İttifaqının repressiyaları toxunmuşdu. Belə ki, onun atası Nikolay və əmisi Adrian Yeltsinlər 1934-cü ildə “donos” əsasında həbs olunaraq 3 il həbs yatmışdılar.  Boris Yeltsin məktəbdə yaxşı oxuyurdu və məktəbi bitirdikdən sonra Ural Politexnik Universitetində mühəndis təhsili alır. Müxtəlif tikinti təşkilatlarında əmək fəaliyyəti göstərən gələcək Prezident Sverdlovsk kombinatının baş mühəndisi, sonradan isə direktoru təyin olunur.

Boris Yeltsin 1968-c ildə siyasi fəaliyyət başlayır və 1976-cı ildə o, Sverdlovsk Vilayət MK-nın 1-ci katibi olur. 1981-ci ildə isə Yeltsin Mərkəzi Komitənin üzvü seçilir.

1985-ci ildə Mərkəzi Komitənin tikinti şöbəsinin rəhbəri təyin olunan Yeltsin, eyni zamanda Moskva vilayət MK-nın 1-ci katibi seçilir. Bu postda olarkən Sovet İttifaqının rəhbərliyini, o cümlədən 1-ci katibi tənqid edən Yeltsin Siyasi Bürodan çıxarılır.

1980-ci illərin sonlarına qədər yüksək siyasi postlardan uzaq qalsa da, 1990-cı ildə tərəfdarlarının dəstəyi ilə SSRİ Ali Sovetinin deputatı, sonra isə Rusiya SSRİ Ali Sovetinin sədri seçilir.

Rusiyada bir sıra iqtisadi islahatlar həyata keçirmək istəsə də, KomMunist Partiyasının və onun lideri Mixail Qorbaçovun müqaviməti ilə üzləşən Yeltsin Rusiyanın İttifaqdan çıxması kursunu seçir. 1990-cı ildə Kommunist Partiyasını tərk edir və Rusiya Federasiyasının Prezidenti seçilir. 1991-ci ilin avqust qiyamı isə SSRİ-nin faktiki iflic vəziyyətinə düşməsinə və Rusiyada real hakimiyyətin Qorbaçovdan Yeltsinə keçməsinə gətirib çıxarır.  Belovej razılaşmasını imzalamaqla, Şuşkeviç, Yeltsin və Kravçuk SSRİ-nin demontajı prosesini yekunlaşdırırlar. Amma müstəqil Rusiyanın  Prezidenti postunda Boris Yeltsin ciddi tənqidlərə məruz qalır. Bazar iqtisadiyyatına keçidin çətinliyi, cinayətkarlıq, Çeçenistanda müharibə, 1993-cü ilin oktyabrında Ali Sovetlə 100-dən artıq insanın ölümü ilə bitən qarşıdurma, 1998-ci ilin defoltu və s. amillər onun populyarlığına ciddi zərbə vurur.  

1999-cu ildə Vladimir Putini Baş nazir təyin edən Yeltsin həmin il dekabrın 31-də Prezident səlahiyyətlərinin bitməsini gözləmədən istefa verir və siyasi karyerasını dayandırır.

O 2007-ci il aprelin 23-də vəfat edir.

# 8559
avatar

Vüqar İsmayılov

Oxşar yazılar