Xarici İşlər Nazirliyi Avstriyanın “Profil” jurnalının əməkdaşı Martin Ştaudinqerin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar üzrxahlıq məktubuna dair açıqlama yayıb.
XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı M.Ştaudinqer Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.
M.Ştaudinqer məktubunda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin həmin ərazilərin beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi olduğunu şübhə altına almadığını vurğulayıb. O, Azərbaycan dövlətinin bu səfəri qanunsuz hesab etməsindən məlumatlı olduğunu qeyd edərək, buna görə üzr istədiyini bildirib.
Xarici İşlər Nazirliyi M. Ştaudinqerin media nümayəndəsi olmasını və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edib.