[b]Netanyahu: “İstənilən sahədə birlikdə möcüzələr yarada bilərik”[/b]
13 dekabr 2016 21:33 (UTC +04:00)

[b]Netanyahu: “İstənilən sahədə birlikdə möcüzələr yarada bilərik”[/b]

0

“19 il əvvəl Bakıya ilk ziyarətimi çox yaxşı xatırlayıram. Gecə yarısı idi, Sizin rəhmətlik atanız gəlib bizi qarşıladı. Bu, böyük dostluğun nişanəsi idi. Bu dostluq bu günə qədər davam və inkişaf edir”. APA-nın xəbərinə görə, bunu dekabrın 13-də  İsrailin baş naziri Benyamin Netanyahu  sənədlərin imzalanması mərasimindən sonra prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.  

 

“Deməliyəm ki, bu gün gündüz vaxtı buraya gələrkən, təyyarədən də Azərbaycandakı ötən iki onillikdə baş verən inanılmaz dəyişikliyi, inanılmaz inkişafı görə bildim. Əlbəttə, hava limanında yerə endikdə, maşına mindikdə şəhərdə, Bakı ətrafında bunu daha aydın görə bildik. Burada çox böyük irəliləyiş əldə edilib. Mən Sizin rəhbərliyinizi alqışlayıram. İsrail ilə Azərbaycan arasındakı tərəfdaşlığı və bunu gələcəyə doğru irəliləyişin bir parçası olaraq görməyinizə görə alqışlayıram”, - deyə Benyamin Netanyahu qeyd edib.

 

B. Netanyahu əməkdaşlıq etmək üçün bir çox sahələrin olduğunu qeyd edib: “Aydındır ki, bizim energetika sahəsində möhkəm əlaqələrimiz var. Bu gün sadəcə ölkəmizin neft idxalının ciddi bir hissəsi olan, Azərbaycanın İsraili təchiz etdiyi neftin satışı barədə yox, həm də təbii qazın ixracı üçün birgə müəssisələrimizdən istifadə haqqında danışırıq. İsrailin qaz idxalını bu gün biz burada danışarkən inşası davam edən Azərbaycandan Türkiyəyə böyük boru xəttinə calışdırılmasından danışırıq. Şübhəsiz, bu, hər iki ölkənin iqtisadiyyatını gücləndirə biləcək bir istiqamətdir. Düşünürəm ki, bu, daha böyük bir xidmət olacaq. Energetika bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz sahələrdən yalnız biridir”.

 

“Kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq. Bu cür əməkdaşlığı alqışlayırıq. Çünki düşünürük ki, nəticə etibarilə malik olduğumuz ən böyük resurs budur. Bu, konseptual məhsul resursudur, bütün sənaye istiqamətlərini daha da səmərəli etmək bacarığıdır. Bir misal olaraq süd məhsullarını göstərə bilərəm. Ölkəmizin dünyada ən məhsuldar inəklərə sahib olması ilə öyünürəm. Bizim inəklər Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır. Bu hal bir çox sahələrdə təkrarlanır. Bu əməkdaşlığı xalqlarımıza daha aydın bir gələcək bəxş etməsi üçün alqışlayırıq”, - deyə Benyamin Netanyahu qeyd edib.

 

“Lakin düşünürəm ki, əlaqələrimiz mövzusunda nadir olan xüsusiyyət başqa bir şeydir. İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir” – deyə B. Netanyahu qeyd edib.

 

Benyamin Netanyahu İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü”nün yaşadığını qeyd edib: “Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var.

 

Müsəlman dünyasının bir çox hissəsində, xüsusi olaraq ərəb ölkələrində müşahidə etdiyimiz bir dəyişiklik var. Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görə bilərlər. Bu, sadəcə hər iki ölkə və xalq üçün yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır”, - deyə Benyamin Netanyahu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar