“Ağalarının əsirləri”  - “Facebook”da bir siqnalla ayaqlanırlar
22 sentyabr 2022 12:15 (UTC +04:00)

“Ağalarının əsirləri” - “Facebook”da bir siqnalla ayaqlanırlar

 “Facebook”da linc etmə şəbəkəsi və ya “Ağa” simpatizanlarını tanıyaq

Vəziyyətin bu qədər mürəkkəb olduğunu düzü təsəvvür etmirdim. Nə yalan deyim, elə bilirdim ki, bəziləri ölkədə fanatik fars simpatizanlarının bu qədər çox olduğunu şişirdir. İnsanın başına gəlməyincə həqiqəti olduğu kimi görə bilmir.

Dünəndən bəri bu radikal molla “sevənlər”in terroruna uğrayıram. Adımı və fotolarımı dayanmadan təhqir elementləri ilə paylaşır və hamıya açıq olan postlarıma gəlib öz səviyyələrinə və tərbiyələrinə uyğun şərhlər yazırlar.

Niyə ki? Ona görə ki, onların arasından birinin “ağasına vurğunluğu”nun və dövlətimizə qarşı hesab etdiyim təbliğatının qarşısını alıb, onu olduğu məkanda əslində kim olduğunu ətrafdakılara açıb göstərdim. Və bundan sonra da hadisə gərginlik formatından çıxsın deyə məsələyə bir az da yumor qatıb sosial şəbəkədə post paylaşdım. İnsanların xeyli sayda “haqlısan” şərhindən sonra da düzgün qərar verdiyimdən bir daha əmin oldum. Amma təhlükə hesab etdiyim toplumun reaksiyası da özünü heç, həm də heç gözlətmədən gəldi...

Ən çox narahat olduğum isə bu məlum kütlənin tez bir zamanda bir araya gəlib hücuma keçməsidir. Demək bu elə bir təşkilatlanmadır ki, hər an hər siqnala hazırdırlar və eyni nöqtədən verilən bütün “əmrlər”ə anındaca tabe olurlar. Bu isə çox ciddi məsələdir. Bu barədə bir qədər sonra.

Hə gələk ona ki, bu fanatik fars simpatizanları mənə niyə asi düşdülər? Dünən olduğum məkanda 20-yə yaxın Azərbaycan xanımı var idi. Birdən içəri qaralara bürünmüş, çadralı  bir xanım da gəldi. Və içəri girən ki, məsələyə heç bir dəxili olmadan başladı ki, mən hər il Kərbəla ziyarətinə getmişəm, amma bu il qoymurlar. Yalan danışdığının fərqindəyəm, amma susuram, çünki niyyətim dözümlülük göstərməkdir. Guya bunları eşitmirmiş kimi özümü telefonla məşğul göstərirəm. Bu isə dayanmır. “Belə iş olar? Axı mən niyə ziyarətə gedə bilməyim, kafirlər çoxalır, uşaqlar niyə şəhid olur və sairə və ilaxır...” Hələ də susqunluğumu pozmuram. Sonra bir xanım məsumca sual verdi – “Sizi ziyarətə getməyə kim qoymur?”. Cavab isə belədir: “Kim olacaq, Hüseynin bayrağını qaldırmağa qoymayanlar”. Yenə də “lənət şeytana" deyib susuram. Bunun adına tolerantlıq deyirsiniz, nə söyləyirsiniz bilmirəm, amma heç də asan məsələ deyil. Qaralar içində olan həmin qadın bizim üçün ən yüksək bayraq Hüseynin bayrağı, falan kimi sözlər işlətməyə başlayanda isə bütün dözümlülük limitləri tükəndi. Mənim ölkəmdə Azərbaycanımın bayrağından yüksək heç nə ola bilməz. Və o milyonlar kimi mənim də qırmızı cizgimdir. Bütün hirsimə rəğmən, qadına çox sakit formada sual verdim ki, hər il Kərbəla ziyarətinə getdiyinizi deyirsiniz, bəs 30 ildən bəri haqq savaşında xeyli şəhid verən Azərbaycanda neçəsinin qapısını döymüsünüz? Onların tökülən qanı müqəddəs deyilmi? Sual etdim yenə, bəs şiddətə məruz qalan neçə həmcinsinizə dayaq olmaq istəmisiniz? Neçə şiddət qurbanı olan uşağı “can bala” deyib bağrınıza basmısınız, onlara sahib çıxmısınız? Ən böyük savab bu deyilmi? Qarşı tərəfin mənə yönələn nifrət baxışlarından başqa heç bir reaksiyası yoxdur.

Növbəti sualım – Siz hansı ölkəyə getməyə belə cani-dildən cəhd edirsiniz, məqsədli surətdə mənim ölkəmə narkotik və patı göndərib gəncliyimizi məhv edənlərə? Bizi özlərinə düşmən bilənlərə? Axı həmin “ağalar”ınızın göndərdiyi “patı”lar mənim ölkəmdə qadınlara məqsədli şəkildə “arıqlama dərmanı” adı ilə satılıb onları asılı etdi, həyatlarını eybəcərləşdirdi. Hər il nə qədər gənclər, uşaqlar o “ağaların” narkotik tələsinə düşüb məhv olurlar, onlar bizdən balalarımızı alırlar. Qadınları geyim seçiminə görə qətl edənlərdən bir qadın olaraq nə mədət umursunuz? Və sonda, necə ola bilir ki, siz yaşadığınız, çörəyini yediyiniz bir ölkənin bayrağından daha uca bayraq tanıyırsız?

Araya sükut çökdü və sonra ətrafdakılar bu xanıma necə haqlı iradlar bildirdilərsə, mənə heç bir ehtiyac olmadı. Sən demə hamının ürəyi doluymuş, elə hadisələrdən nümunə gətirib bu qadının susdurdular ki, mən özüm də şokdaydım. 

Hətta onlardan birinin az qalırdı bağrı çatlaya ki, bunların əlindən dirilərimiz bir yana ölülərimizi özümüz adı ilə ağlaya bilmirik. Qaralar içində olan qadın bu münasibəti gözləmirdi. Yalanları ilə ətrafını zəhərləyə bilmədi.

Onun nə qədər yalan danışdığını isə elə təkcə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi açıqlamalarına baxmaqla müəyyən etmək olar. Hər il olduğu kimi, (pandemiya ilə bağlı qadağan olan illər istisna olmaqla) bu il də nə qədər insan dini ziyarətlərə gedib. Axı ölkəmizdə heç vaxt belə məhdudiyyətlər olmayıb, bu yalan maşınını niyə işə salırlar ki? Tapşırıq haradan gəlib? Dünəndən bəri məruz qaldığım terror, pis münasibət bu maşının çarxına çomaq soxduğum üçündürmü? O söhbətdən keçən zaman ərzində bu “ağa simpatizanları”nı sosial şəbəkədə dayanmadan bloka salmalı oldum. Bu kütlə sözlə susdura bildiyimiz o qaralar içində olan qadından çox təhlükəlidirlər. Bu nəyin təşkilatlanmasıdır? Yeri və zamanı gələndə onları da sözlə susdura biləcəyikmi? Hesab edirəm ki, ölkənin hüquq-mühafizə orqanları, əsasən də təhlükəsizlik xidmətlərimiz bu məsələlərə biganə qalmazlar.

# 11760
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar