Azərbaycana diri toyuq gətirilməsi  DAYANDIRILDI
04 fevral 2022 14:49 (UTC +04:00)

Azərbaycana diri toyuq gətirilməsi DAYANDIRILDI

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, dünyanın müxtəlif ölkələrində yüksək patogen quş qripi (YPQQ) xəstəliyinin yayılma arealı genişlənməkdədir.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması üçün Azərbaycanın baş dövlət baytarlıq müfəttişi tərəfindən “Yüksək patogen quş qripi virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə respublikaya 1 günlük cücələr istisna olmaqla, diri toyuqların idxalının müvəqqəti qadağan olunması haqqında” qərar qəbul olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə respublikaya gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qeyd edək ki, yüksək patogen quş qripi virusu miqrasiya edən çöl quşlar ilə yanaşı, ölkələr arasında daşınan diri quşlar vasitəsilə də yayılır. Bu baxımdan müxtəlif məhsuldarlıq istiqaməti üzrə fərqli yaş qrupuna aid quşlar yüksək epizootoloji risk daşıyır.

# 1926
avatar

Aytəkin Cəlali

Oxşar yazılar