Hərbi Qənimətlər Parkı
13 aprel 2021 17:10 (UTC +04:00)

Hərbi Qənimətlər Parkı

Bakının mərkəzində İrəvana göz dağı: Lent.az dünyanın ən unikal parklarından birindən yazır... -FOTOLENT

Elə bil müharibənin içindəyik. Tanklar, toplar, hərbi sursatlar, ermənilərin müdafiə sədləri... O sədlər ki, artıq çoxdan onları müdafiə edə bilmir...

Hərbi Qənimətlər parkı. Bir il əvvəl elə bu vaxt, bu vədələrdə çoxumuz Xəzərin sahilində yerləşən bu yerdə hansısa əyləncə məkanının yaradılacağını düşünürdük yəqin. Amma çox yox, üstündən 5 ay keçəcəkdi Müzəffər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu elə bir zəfərə imza atacaqdı ki…

Hə, sanki biz müharibənin içindəyik. Döyüş getmir amma. Burada düşmənlə üzbəüz də deyilik. Düşmənin qoyub qaçdığı hərbi sursatların əhatəsindəyik.

Erməniləri də görürük burda: Yox, yox, maketlərini. Canlı ermənidən sadəcə nəfəs ala bilmədiyi ilə fərqlənir bu maketlər.                                                                                                                 Qorxunu, yaltaqlığı, namərdliyi rahat oxumaq olur üzlərindən. Müharibənin xofu var gözlərində.

Hərbi Qənimətlər Parkı

Hərbi Qənimətlər parkı. Əsil hərbi nizam-intizam var burda. Elə döyüşə girəndə olduğu kimi, bura da daxil olanda müəyyən qayda-qanuna riayət etmək lazımdır. Amma bircə fərq var-qorunmaq üçün yox, qorumaq üçün. Bəli, eksponatlara zərər yetirmək, yerlərini dəyişmək olmaz. Nəzarətçi və bələdçilərin istiqamətləndirici nişan və texnoloji xəritələrin göstərişlərinə əməl etmək lazımdır. Burada yüksək səslə danışmaq lazım deyil. Siqaret çəkmək də olmaz. Burada yer alan eksponatların üstünə çıxmamaq şərti ilə fotolar çəkə bilərsiniz. Hər şey, hər məqam ciddi hərbi nizam-intizamdan xəbər verir...

Hərbi Qənimətlər Parkı

*

Hələ, noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdi. Dekabrın 10-da keçirilən Zəfər paradında isə həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda Prezident Hərbi Qənimətlər Parkının salınması haqqında da təşəbbüslə çıxış etdi. Yeri gəlmişkən, bir qədər irəli gedərək onu da qeyd edək ki, dünən Hərbi Qənimətlər Parkının ilk ziyarət bileti də məhz Ali Baş Komandan İlham Əliyevə təqdim edildi.

*

Bir neçə hektar ərazidə yerləşən Park dekabrın əvvəllərindən yaradılmağa başlanılmışdı. Prezidentin tapşırıqlarını yerinə yetirmək üçün demək olar ki, bütün xidmət növlərindən mütəxəssislər ayrılmışdı. Ali Baş Komandanın göstərişinə əsasən elə bir park yaradılmalı idi ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi Zəfər  barədə dolğun təsəvvür yaransın. Və dünən o Parkın açılışı oldu.

Hərbi Qənimətlər Parkı

*

Yaradılan Park Azərbaycanın qəhrəmanlıq tarixi ilə maraqlanan hər kəs üçün açıq səma altında maraqlı və unikal bir məkandı. Bəlkə də ölkəmizə gələn turistlərin daha çox diqqətini çəkəcək möhtəşəm məkanına çevriləcək. Yeri gəlmişkən, onu da deyək ki, Parkın ərazisində hərbi çadır altında qurulan “Kinozal” otağında Vətən müharibəsinə aid videoçarxlar və qısametrajlı filmləri izləyə biləcəksiniz.

Ermənistan ordusunun bütün qoşun növlərinə məxsus  qismən istifadəyə yararlı və ya tam yararsız onlarla döyüş texnikası parkda öz yerlərini tutmaqdadı.

Hərbi Qənimətlər Parkı

Nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika da var. Onlar saz vəziyyətdədir. Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatları da bu sıraya daxil etmək olar.

Parkın ərazisində 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazi də unikal məkanlardandı. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, tikanlı məftildən tor, piyada əleyhinə mina sahəsi və digər maneələr də nümayiş olunur.

Hərbi Qənimətlər Parkı

İndi bir məqama da toxunaq. Yadınızdadırsa, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər.

Dünən Parkın açılışında dövlət başçısı bildirdi ki, əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Sitat: “Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik”. Və budur: həmin nömrələrdən hazırlanmış həmin möhtəşəm lövhə.

Ali Baş Komandan, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkında

Parkda Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da nümayiş etdirilir. Elə Prezidentin də dediyi kimi “ bu,erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.

Parkda maraq kompozisiyalar da yaradılıb. Bu sırada düşmən postlarında və ələ keçirilən hərbi texnikalarda zəncirlənmiş vəziyyətdə aşkarlanan erməni hərbçilərinin mulyajlarını göstərmək olar.

Hərbi Qənimətlər Parkı

Burdakı oturacaqlar erməni hərbçilərin silah-sursatlarını saxladıqları taxta yeşiklərdən, kiçik işıq dirəkləri isə düşmən tanklarının mərmilərindən hazırlanıb.

Hərbi ekspert Ədalət Verdiyevin Lent.az-a dediyinə görə,  Prezidenti İlham Əliyevin ötən gün açılışını etdiyi Hərbi Qənimətlər parkı, Azərbaycan ordusunun 44 günlük müharibədə hansı təhlükələrlə qarşılaşdığının, nələrə qarşı savaşdığının göstəricisidir. Və bu park gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayacaq. “Bu parkda düşmənin havadarlar tərəfindən onlara verilən operativ-taktiki raket kompleksləri, reaktiv yayılım atəş sistemləri, artilleriya vasitələri, zirehli və zirehsiz vasitələri, təminat təchizatına dair istifadə etdiyi bütün növ avadanlıqlar açıq şəkildə nümayiş olunmaqdadır”.

Ekspert deyir ki, Parkın yaradılmasında ən kiçik detallara belə çox böyük həssaslıqla yanaşılıb. “Mən bir çox hərbi parklarda, muzeylərdə olmuşam, amma bu qədər həssaslıqla yanaşılan bir Parka rast gəlməmişəm. Məsələn, parkda yerləşdirilən bütün oturacaqlar düşmən tərəfindən götürülən mərmi yeşiklərindən hazırlanıb. Parkda istifadə olunan yüzlərlə işıqlandırma sistemində düşmən tanklarının gilizlərindən yararlanılıb. Hətta zibil qutuları belə düşmən tərəfindən istifadə olunan tank mərmilərinin kiçik konteynerlərindən istifadə olunub. Buna görə də parkda yer alan eksponatlardan  nəyinsə artıq, nəyinsə əksik olmasına dair səslənən fikirlər absurddur. Bu Park Azərbaycan tarixinin bir parçası olaraq gələcək nəsillərə ötürə biləcəyimiz ən vacib, ən əhəmiyyətli bir məkandır”.

Hərbi Qənimətlər Parkı

Hə, sonda onu da qeyd edək ki,  bura gələn əliboş da qayıtmaz. Elə lap Parkın girişində qurulan suvenir satışı məntəqəsindən xatirə üçün Vətən müharibəsinə aid suvenirlər və hərbi geyim əşyaları əldə edə bilərsiniz. Müxtəlif rənglərdə, üzərində xarı bülbülün simvolu olan köynək, kəlağayı, şərf və işğaldan azad olunan torpaqlarımızın adı yazılan papaqlar yəqin ki, çoxunuzun sevimli geyiminə çevriləcək. Bundan başqa burada naxışlı kiçik xalçalar, rəngli muncuqlardan hazırlanan bəzək əşyaları da yer alıb. Bir sözlə, çox maraqlı. Həm də qürurverici - Bakının yeni, möhtəşəm bir məkanı, Hərbi Qənimətlər Parkı...

Dünyanın ən unikal parklarından biri...

Hərbi Qənimətlər Parkı

 

Lamiyə Məmmədova 

Səbuhi Məmmədli

Foto: İlkin Nəbiyev 

# 11013
avatar

Oxşar yazılar