Bu gün imtahandır
10 iyun 2023 07:55 (UTC +04:00)

Bu gün imtahandır

Bu gün “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı olan qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək.

Lent.az xəbər verir ki, imtahan günündə bütün imtahan mərkəzlərində qeydiyyat saat 10:00-da başlanacaq və 10:40-da bitəcək. Qeydiyyat bitdikdən sonra imtahan mərkəzinə daxil olmaq mümkün olmayacaq. İştirakçılar imtahana şəxsiyyət vəsiqəsi və şəxsi kabinetə göndərilən QR kodu elektron variantda və ya çap halında təqdim edərək daxil olmalıdırlar. Qabiliyyət üzrə yoxlama imtahanının müddəti 2 saat 30 dəqiqədir. Qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə imtahanlarla bağlı daha ətraflı məlumat iştirakçıların şəxsi kabinetinə yerləşdirilən təlimatda izah olunub.

Bu mərhələdə müsabiqə iştirakçılarının verbal təhlil, rəqəmsal təhlil və abstrakt düşüncə bacarıqları təkrar yoxlanılır.

Onlayn mərhələdə keçirilən qabiliyyət üzrə imtahanda topladıqları balın 70 faizini, hər test bloku üzrə isə topladıqları balın ən azı 50 faizini təkrar edən iştirakçılar idarəetmə bacarıqları üzrə imtahanda iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

# 1752
avatar

Oxşar yazılar