"Əbiyevin iştirakı ilə olan əməliyyatda çox itki verdik" - Fərrux qazisi  Lent.az-a DANIŞIR
31 mart 2022 18:01 (UTC +04:00)

"Əbiyevin iştirakı ilə olan əməliyyatda çox itki verdik" - Fərrux qazisi Lent.az-a DANIŞIR

Bir neçə gün əvvəl Fərrux kəndi və eyni adlı yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi. Artıq əsgərlərimiz orda öz mövqelərini möhkəmləndiriblər. Düz, 30 il əvvəl Azərbaycan Ordusu bu yerlər uğrunda döyüşlərdə ağır itkilər vermişdilər. Nəticədə bu əraziləri itirmişdik. 
Hərbi ekspert, jurnalist, qazi  Rey Kərimoğluyla da elə Fərrux dağı və onun əhəmiyyətindən danışdıq... 

Lent.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan üçün Fərrux dağının strateji əhəmiyyəti nədən ibarətdir?

- Fərrux dağı strateji cəhətdən çox vacib ərazidir. O dağdan Ağdam şəhərinin mərkəzi və bir çox kənd müşahidə edilir, atəş altına düşür. Fərrux dağı tək bir dağ deyil, silsilədir. Orada Aşağı Fərrux və Yuxarı Fərrux adlarında iki kənd və yüksəkliklər var. Xankəndi - Ağdərə yolu, eyni zamanda da Xanabad, Pirlər, Əsgəran və Xocalıya nəzarət etmək mümkündür. 

- Birinci Qarabağ müharibəsi zamanı oranı itirdik və sonra hücumla geri aldıq. Bəs, necə oldu ki, yenidən itirdik?

- 1991-ci ilin dekabrında Pirlərə hücum olunub və ora alınıb. Dekabrın 12-də isə rəhmətlik Qatır Məmmədin dəstəsi hücum edib. Orada Şirin Mirzəyevin batalyonunun Xıdırlı rotasının bir qrup üzvi iştirak edib. Elbrus Hacıyev adlı əsgər də şəhid olub. 

1992-ci ildə isə Aşağı Fərruxa Şirin Mirzəyevin batalyonu Ağdam polis alayı ilə birlikdə hücum edib və kəndi alıblar.  Kənddə düşmənin çox ağır istehkamları var idi və onlar dağıdılmışdı. Ağdam İşğal olunana qədər həmin kənd bizim ordumuzun nəzarətində olub. 

Daşbaşı yüksəkliyini isə biz aldıq, amma saxlaya bilmirdik. Çünki oranın strateji mövqeyi eləydi ki, düşmən post qurub bizi vura bilirdi. Ora qayalıq idi və qısa müddətdə səngər qaza bilmirdik. Bu səbəbdən də dəfələrlə oranı almağımıza baxmayaraq yalnız 1 saat, 1 gecə saxlaya bilirdik. 

Onu da qeyd edim ki, Ağdamla Daşbaşı arasında Yeddi Xırman yüksəkliyi var idi ki, biz postlarımızı orada qurmuşduq. Ermənilər o yüksəkliyi alandan sonra Ağdama girə bildilər. 

- Rey bəy, döyüşlərdə nə qədər itkimiz oldu?

- Nə qədər itkimizin olduğu haqda tam məlumatlı deyiləm. Onu deyə bilərəm ki, keçmiş müdafiə naziri Səfər Əbiyev və Mehman Səlimovun iştirak etdiyi əməliyyatlarda çox itki vermişik. Təxmini deyə biləm ki, 60-70 nəfər arası itkimiz olub. 

- Fərrux yüksəkliyi ilə bağlı xatirənizi bilmək istərdik...

- Uşaqlıq dostum Ramiz Həsənov Fərruxda yaralanıb və bir gözünü itirib. Mən özüm də orda yaralanmışam. Fərrux kəndi ilə bağlı heç də xoş xatirəm yoxdur. Ora şəhid qanı ilə suvarılmış dağdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4750

Oxşar yazılar