Füzulinin daha 102 sakini   doğma yurda qayıtdı - YENİLƏNİB
07 sentyabr 2023 07:24 (UTC +04:00)

Füzulinin daha 102 sakini doğma yurda qayıtdı - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Lent.az xəbər verir ki, sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Saat 06:30

Bu gün Füzuli şəhərinə növbəti köç həyata keçirilib.

Lent.az xəbər verir ki, keçmiş məcburi köçkünlərin daha bir qrupu sentyabrın 7-də doğma Füzuli şəhərinə qayıdıb.

Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Qeyd edək ki, Füzuli sakinlərinin doğma şəhərinə qayıdışına bu il avqustun 18-də başlanılıb.

# 2391
avatar

Oxşar yazılar