Göydəkilərin sizdən xəbəri varmı?  - Mələklərin uyuduğu məkandan REPORTAJ
18 may 2022 17:30 (UTC +04:00)

Göydəkilərin sizdən xəbəri varmı? - Mələklərin uyuduğu məkandan REPORTAJ

“Atasından xatirə”,  "Ailəsindən xatirə...”

Qurumuş qızılgüllər, uşaq oyuncaqları, hə, bir də şirniyyat qırıqları. Ömürlərinin kəsilmiş səhifələrini görürük məzarlarında. 2 aylıq, 1 yaş, yaş yarımlıq, 2 yaş... 

Bakıda bəlkə də az adamın tanıdığı bir məkandayıq, Buzovna qəbiristanlığının körpə və kimsəsiz məzarıstanında. Dünyada belə nə qədər məzarlıqlar var, biləsiz. Azərbaycanda da, dünyada da bütün uşaq qəbiristanlıqları sanki eyni rəngdədir, bomboz, qaramtıl, mənfi auralı. Mələklərin uyuduğu yer necə olmalıdır ki?.. Bəs, görəsən göydəki mələklərin yerdəkilərdən xəbəri varmı? 

Qəbirlərin arasında bir uşağın adına da rast gəlirik: “Henry Amir Maharramov”. Bu balacanın həyat hekayəti nədir, bilmirik. Kimdi bu Henri, nədən burada basdırılıb, tale onu niyə bura gətirib çıxarıb? Dil, din, millət fərq etmədən, onun da son mənzili yaşıdlarının yanındadır. 


Ətrafa baxanda bir tərəfdə uşaq qəbirləri, bir tərəfdə isə kimsəsiz adlandırılan məzarlar var. Onlar tamam fərqlidir, qəbirlərin üzərində ad, soyad yoxdu. Sadəcə, daşlardan və nömrələrdən ibarətdirlər: 98, 99, 123 və s. Hə, nə ad var, nə də tanınacaq bir işarə. Elələri də var ki, üstünə yağış, qar yağıb, rəqəmlərin rəngi yuyulub gedib. Eləcə mişar daşı qalıb, vəssalam. Adından da bəllidir: kimsəsiz, yiyəsiz. Burada onlar çoxdur, lap çox. Daban-dabana basdırılıblar bəlkə də. Bu kimsəsizlərin baş çəkəni, bu qəbirləri sahmana salan kimsələri yoxdur. Belə qəbirlər itib-batmağa məhkumdur? Ola bilsin ki, gizlin-gizlin gəlib baş çəkəni də var onlara, bilmirik. Hər şey onsuz da göz önündədir...

Qəbiristanlığın gözətçisi deyir ki, burada basdırılanların bəzisi ya qəza keçirənlər, ya fiziki məhdudiyyəti olanlar, ya da xəstəxanalarda ölən kimsəsizlərdi. Təsəvvür edin, kimsən yoxdur, ölürsən və səni morqdan gətirib burada basdırırlar. Üstünə də sadəcə kiçik bir daş qoyurlar. Fatihələri belə oxunmur, yasın da olmur, bircə məzarın olur. Axırda da torpağa qarışırsan. Vəssalam. 

Dedilər, kimsəsizlər dünyasını dəyişəndə bir müddət morqda saxlanılır. Bu müddət ərzində onların yaxınlarının axtarılması üçün elan verilir. Həmin müddət bir ay da ola bilər. Şəxsin yaxınları tapılmadığı təqdirdə, onu gətirib burada dəfn edirlər. Əvvəllər məzarların üstünə nömrə vurulurdu. Sonra ona da ehtiyac qalmayıb.

Kimsəsizlər qəbiristanlığına kimlər cavabdehdir? Sən demə, ötən illərə kimi, vəfat edən kimsəsi olmayanların harada dəfn olunması və onların ümumi proseduruna Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti nəzarət edirmiş. Baş mühəndis Sabir Həsənovun Lent.az-a dediyinə görə, morqda saxlanılmış meyitin yaxınları, ailə üzvləri tapılmadıqda həmin şəxs kimsəsizlər qəbiristanlığında basdırılırmış. Yox, əgər, yaxınlarından kimsə gəlsə, ondan qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunur. Yalnız bundan sonra, ölən şəxsi istədikləri yerdə dəfn edə bilərdilər. Bu səlahiyyət artıq rayon və kənd, qəsəbə bələdiyyələrinə verilib.
Buzovna Bələdiyyəsinə ünvanladığımız sual isə cavabsız qaldı. Sadəcə, danışmadılar.
Amma nə fərqi...

# 7914
avatar

Nigar Namiq

Oxşar yazılar