Poliklinikanın binası əxlaqsız yuvasına çevrildi  – Rəsmi qurumlar nə deyir?
28 sentyabr 2023 16:02 (UTC +04:00)

Poliklinikanın binası əxlaqsız yuvasına çevrildi – Rəsmi qurumlar nə deyir?

Baxımsız qalan tibb ocağı narkomanların yuvasına çevrilib?
 
Şüşələri sınmış pəncərələr, param-parça qapılar, suvağı tökülmüş divarlar, uçuq-sökük tavan və döşəmə, ətrafa səpələnmiş arxiv sənədləri, işlənmiş tibb ləvazimatları... Və saysız-hesabsız istifadə edilən şprislər.

Bura 27 saylı poliklinikanın Binəqədi rayonu 6-cı mikrorayon İsrafil Haşımov küçəsində yerləşən keçmiş binasıdır. Sakinlərin sözlərinə görə 4 il əvvəl poliklinika başqa yerə köçürüləndən sonra bura tərk edilmiş vəziyyətdə qalıb.

O gündən bu yana xarabalığı xatırladan bina avara-sərgərdan dolaşanlara yurd-yuva olub. Xüsusən də qaş qaralandan sonra binaya girib-çıxanların sayı artır.

Bina xaricdən təhlükəli görünməsə də, boş və dağıdılmış otaqlarda insanı vahimə basır. Yanmış ocaq külünün qoxusu ilə qalaqlanmış mənşəyi bilinməyən  tullantıların iyindən binada çox qalmaq mümkün deyil. 

Ətrafa səpələnmiş tibbi arayışlar, epikrizlər kim bilir, neçə insanın xəstəlik tarixçəsidir. 

Çox çətinliklə də olsa, içəridəki otaqlara doğru gedirik. İç-içə olan otaqlarda irəlilədikcə zülmət qaranlıq daha da artır. Mənşəyini ayırd edə bilmədiyimiz qoxular da öz yerində. Sonuncu otaq daha səliqəlidir və kiməsə aid yataq dəsti var. Mənzərədən açıq aydın məlumdur ki, binanın “daimi sakinlərinin” otağıdır. Çünki həmin otaq digərlərindən təmizliyi ilə seçilir, həm də otağa keçid məxfi yollarladır.

Gəldiyimiz kimi də, geri qayıdırıq. Girişdə tullantılar içərisində qadına aid alt geyimi olması diqqətimizdən yayınmır. Ehtimal olunur ki, bina həm də yüngül həyat tərzi keçirənlərin də sevimli məkanıdır. 

 Qaranlıq çökən kimi tərk edilmiş bina “canlanır”

Şəhərin gediş-gəlişli, məktəb və yaşayış binalarının tam yaxınlığında yerləşən bu binada gecələr yaşananlar ətraf ərazinin sakinlərini narahat edir.

“Hava qaralan kimi binaya gələnlər çoxalır. Qızlı-oğlanlı bura toplaşırlar, amma biz binaya girə bilmirik deyə, onların orada nə iş gördüklərini də bilmirik”.

Bu sözləri keçmiş poliklinika binası ilə üzbəüz binada yaşayan sakinlər deyir.  Onalrın sözlərinə görə, dəfələrlə aidiyyatı üzrə şikayət edib. Amma bir çarə qılan olmayıb, bina hələ də təhlükə mənbəyi olaraq qalır.

“Burada balaca uşaqlar yaşayır. Başlarına hər iş gələ bilər. Mənim özümün azyaşlı övladım olmasa da, binada baş verənləri vicdanım qəbul etmir. Hərdən köhnə poliklinikaya girmək istəyən uşaqların arxalarınca səslənirik, deyirik, getməyin, içəri təhlükəlidir. Amma həmişə sözümüzü eşitmirlər. Dəfələrlə çəkiliş gəlib, lakin həmişə gündüz gəlirlər deyə içəridə baş verənlərdən xəbərdar olmurlar”, - deyə o əlavə edib.
 

Sakinlər poliklinikaya getmək üçün uzun yol qət edirlər

Sakin Nizaməddin Məmmədov 1965-ci ildən həmin binada yaşadığını deyir. Onun sözlərinə görə, poliklinika binası boşalan gündən narkomanlar üçün əlverişli əraziyə çevrilib.
“Lakin son bir ildə ərazi ciddi nəzarətə götürülüb və girişdə kameralar quraşdırılıb. Gündüz saatlarında demək olar ki, gələn-gedən olmur. Amma gecələr burada adamlar qaynayır.

Təhlükə yaratmağı azmış kimi yaşlı sakinlərə də əlavə çətinlik törədir. Mən indi bu axsaq ayaqlarımla həkim müayinəsi üçün 9-cu mikrorayona getməliyəm. Çünki bizim poliklinikanı orda yerləşən başqa poliklinikanın binasında yerləşdiriblər. Əvvəllər evimin tam yaxınlığında idi. Lazım olanda rahatlıqla həkim müayinəsinə gedirdik. Amma indi mən nə boyda yol qət etməliyəm ki, poliklinikanın yeni binasına çata bilim”, - deyə Nizaməddin dayı şikayətlənir.

Digər sakinlər də deyirlər ki, əvvəllər binanın tibb ocağı kimi fəaliyyət göstərməsi onlar üçün çox əlverişli olub. Poliklinikanın yeni binasının bu ərazidən çox uzaqda yerləşməsi burada yaşayanların işini çətinə salıb.

 ”Qorxuruq ki, azyaşlı uşaqlar binada yanğın törədəcək”

Elman Səfərov da məktəbli uşaqların binaya girib-çıxmasından narahatdır. Deyir ki, içəridə nələr baş verdiyindən tam olaraq xəbərdar olmasalar da, tərk edilmiş binanın təhlükə mənbəyi olması açıq aydın ortadadır.
“Azyaşlıların binanın daxilində bilməyərəkdən ocaq qalayaraq yanğın törətməsindən qorxuruq. Yaşayış binalarının tam yaxınlığında belə baxımsız, boş binanın qalmasının heç bir əhəmiyyəti yoxdur, ziyanından başqa. İlk vaxtlarda narkomanlar, yüngül həyat tərzi keçirənlər hamısı bu binaya yığışırdı. Son vaxtlar şikayətlərimiz əsasında nəzarət artırılıb deyə, belə hallar azalıb. Demək olar ki, şikayət etmədiyimiz qurum qalmayıb. Amma məsələ hələ də kökündən həll olunmur”, - deyə Elman Səfərov bildirir.
 

 “Polis zəruri tədbirləri həyata keçirir”

Problemlə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, tüfeyli həyat tərzi sürən həmçinin narkotik vasitələrdən istifadə edən şəxslərin paytaxt ərazisində yarıtikililərdə və ya sahibi tərəfindən nəzarətsiz qalan məkanlarda toplaşaraq neqativ əməllərlə məşğul olma halları ilə bağlı polis əməkdaşları zəruri tədbirlər həyata keçirilir.

“Bununla bağlı daxil olan müraciətlərə polis əməkdaşları tərəfindən operativ və həssas yanaşılmaqla problemin aradan qaldırılması istiqamətində mübarizə tədbirləri həyata keçirilir”, - rəsmi məlumatda bildirilib.


Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bina rayon ərazisində olsa da, onların balansında deyil: “Belə olan halda biz bina haqqında söz sahibi deyilik”.

 47 yaşlı bina yararsız hala düşdüyü üçün poliklinika köçürülüb

Lent.az binanın əvvəllər tibb ocağı olaraq fəaliyyət göstərdiyini nəzərə alaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova ilə əlaqə saxlayıb.

Z.Adilova bildirib ki, Hazırda TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin balansında olan 27 nömrəli Şəhər Poliklinikasının binası yararsız halda olduğu üçün 9 nömrəli Şəhər Poliklinikasının binasında fəaliyyət göstərir. Poliklinika hələ Səhiyyə Nazirliyinin nəzdində ikən istifadəyə yararsız vəziyyətdə olduğu üçün köçürülüb. Poliklinikanın əvvəlki binası 1976-cı ildə inşa olunub, ümumi sahəsi 640 m2, tikilialtı sahəsi 360 m2 -dir və 25 otaqdan ibarətdir.

Tərk edilmiş binada arxiv sənədlərinin hər tərəfə səpələnmiş vəziyyətdə olduğu haqda sualın cavabında isə qurum rəsmisinin belə cavab verib: “Köçürmə poliklinikalar TƏBİB-in tabeliyində olmayan vaxt baş verib”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 2019-cu ildən bütün poliklinikalar TƏBİB-in balansına keçib.

 “Köhnə bina söküləcək, yerində yeni tibb ocağı tikiləcək”

Səhiyyə Nazirliyindən verilən məlumata görə, sözügedən 27 saylı poliklinikanın keçmiş binası sökülərək yerində Ailə Sağlamlıq Mərkəzinin yeni binası (əvvəllər mövcud olan poliklinikanın xidmət strukturuna uyğun) tikiləcək və bu iş TƏBİB-lə razılaşma əsasında Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

“Bununla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq layihə-smeta sənədlərinin hazırlanması işinin tender müsabiqəsi keçirilib, qalib şirkət seçilib təsdiq üçün  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilib. Layihə-smeta sənədləri hazırlandıqdan sonra yeni poliklinika binası (Ailə Sağlamlıq Mərkəzi) inşa edilərək əhalinin istifadəsinə veriləcək”, - SN-in məlumatında belə deyilir.

Qeyd edək ki, mövcud problemlə əlaqəli olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də sorğu göndərdik. Lakin cavab gecikir.

Lent.az qurumun cavabı hazır olduqda işıqlandırmağa hazırdır.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9555
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar