Taxta çuxuru örtsə də,  Cümşüdün ölüm həqiqətini gizlədə bilmədi 
30 iyun 2025 14:00 (UTC +04:00)

Taxta çuxuru örtsə də, Cümşüdün ölüm həqiqətini gizlədə bilmədi 

Cümşüd Cümşüdlünün faciəvi şəkildə ölümü ötən həftənin ən çox rezonans doğuran xəbərlərindən biri oldu.

Qısa məlumat...

İyunun 26-da 28 yaşlı  Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək, ölüb. 

Axtarışlar nəticəsində 2 gün sonra – 28 iyunda onun nəşinin təxminən 30-40 km məsafədən tapılması isə faciəni daha da dərinləşdirdi.  

Yol səthinin çökməsi nəticəsində Cümşüdün müvazinətini itirərək kanalizasiya kollektoruna düşməsi təhlükəsizlik kameralarına yansıyıb. İlk gün uzaqdan çəkilmiş video-görüntülərdə onun quyuya düşdüyü bildirilsə də, sonrakı günlərdə yaxından görüntülər ortaya çıxdı və məlum oldu ki, Cümşüd heç də ora düşməyibmiş. O, üzəri taxta ilə “ört-basdır” edilmiş yerin kənarında dayanıb. Nəticədə, səth çöküb və 28 illik həyat sona çatıb...

Cümşüdün gənc yaşda ölümü faciədir. Cümşüdün yol çökməsi nəticəsində ölməsi faciədir. Cümşüdün nəşinin 2 gün sonra 30-40 km məsafədə tapılması faciədir. Həmin ərazinin uzun müddətdir təmir olunmadan, “gözdən pərdə asmaq” üçün üzərində hansısa tikintidən götürülən taxtaların düzülməsi, nəzərə çarpan nişanların olmaması, dörd bir yanının hasara alınmaması isə daha dəhşətli faciədir. 

Əvvəl ayağının altına baxmadan, yoluna davam edən paytaxt sakinlərinin indi dilində bir söz var: “Gözümüzü yerə zilləyib, gəzirik ki, quyuya düşməyək”. Bu isə dəhşətdir. Şəhərə addım atan qorxmalıdır? 

Özümüzü nədən qoruyaq? Piyada keçidində yol verməyən avtomobillərdənmi? Küləkli havada hardansa üstümüzə dəmirin, daşın düşməsindənmi? Səki ilə gedərkən hansısa sürücünün üzərimizə çıxmasındanmı? Yoxsa düz yolumuzla gedərkən quyuya düşüb, ölməkdənmi? Bu sualların cavabını vermək üçün Lent.az əməkdaşı məsul şəxslər axtarışına çıxdı. Heç nədən sığortalanmadan yaşamaq isə insanın sabaha daha şübhə ilə yanaşmasına gətirib, çıxarır.

Cümşüddən sonra sanki həyatda bir dəqiqə sonrakı an belə, daha şübhəli gəlir insana. Bir gənc öldü. Ayağının altına baxsa da, baxmasa da, o gənc o quyuya düşəcəkdi. O, taxta parçasının üzərini örtdüyü quyuya, çuxura düşmədi. O, həmin yerin kənarında durarkən, öldü. 

Ətrafdakılar əvvəl onun səsini, “imdat”ını eşitsə də, kömək edə bilmədilər. Bu, onların bacaracağı iş deyildi. Sonra isə Cümşüd ucu-bucağı olmayan boşluqda öldü. Ölən tək Cümşüd deyildi, onun xəyalları, hədəfləri, arzuları idi. Ölən Azərbaycan gənci idi. Ölən məsuliyyət idi. Aylar, bəlkə də, illər öncə yararsız vəziyyətə düşsə də, təmir olunmayan yolun, faciə olmadan yada düşməməsi də, bizim faciəmizdir.

Məsuliyyət daşıyan qurum “yatırsa” əgər, biz yatmamalı idik. Biz göz yummamalı idik. Mütləq ki, faciə olmalı idi ki, gözümüz açılsın? İndi hamı yerdə 1 kiçik dəlik də görsə, paylaşır, müvafiq qurumlara səsini duyurmaq, ərazini təmir etdirmək istəyir.

Bəs kimdir müqəssir? Azərbaycanda daha neçə yol, neçə küçə, tin, döngə o vəziyyətdədir? Kim baxmalıdır o ərazilərə? Və kim baxmır?

Baş Prokurorluqdan verilən məlumata əsasən, Cümşüdün çökmə nəticəsində düşdüyü kanal  Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansında olub və həmin idarə tərəfindən istismar olunub.

Bu kimi bədbəxt hadisələrin qarşısını almaq, qabaqlayıcı tədbirlər görmək üçün qurumla hansı addımı atmalı idilər? 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Lent.az-a bildirib ki, hər hansısa təhlükə riski – (yıxılma, aşma, uçma, dağılma, çökmə) varsa, orada mütləq qabaqlayıcı tədbirlər görülməlidir:

“Bu tədbirlər çərçivəsində xəbərdaredici və məlumatlandırıcı lövhələr quraşdırılmalı, mühafizə zonası yaradılmalıdır. Vəziyyətin təhlükəlilik dərəcəsi qiymətləndirilərək, ərazidə müvəqqəti çəpərləmə işləri aparılmalıdır. 

Əgər vəziyyət ciddidirsə, o zaman növbəlilik prinsipi əsasında nəzarət və mühafizə tədbirləri də həyata keçirilə bilər. Bu zaman kiminsə ehtiyatsızlıqdan yıxılması, xəsarət alması və  həyatını itirməsinin qarşısı alınmış olur”. 

Bəs qurumun balansında olan ərazi niyə indiyə kimi təmir olunmayıb? Çökən ərazinin 4 bir yanında təhlükəsizlik nişanları niyə yox idi? Bəlkə olub, sonra yerindən sökülüb? Qurum nə zaman müdaxilə etməyi düşünürdü?

Lent.az Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”-nə suallarla bağlı sorğu ünvanladı.

Sorğuya cavab olaraq bildirildi ki, Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə 26.06.2025-ci il tarixində sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.

1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib. Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür. 

Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.  

Xüsusi olaraq diqqətə çatdıraq ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar. 

Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üzərinin sahibkarlar tərəfindən taxta parçaları ilə örtülməsi həmin ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1183

Oxşar yazılar