[b]22 aztəminatlı tələbəyə güzəştli kredit verilib[/b]
30 iyun 2016 15:15 (UTC +04:00)

[b]22 aztəminatlı tələbəyə güzəştli kredit verilib[/b]

Bu gün Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə  sertifikatların təqdim olunması mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Nazirliyin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.


Nazir vurǧulayıb ki, hər il 33% tələbə ali məktəblərdə dövlət hesabına təhsil almaq hüququ qazanır. 

Ümumiyyətlə, ali təhsilə olan marağın dəstəklənməli olduğunu deyən nazir bildirib ki,  əksər tələbələrin təhsil aldıqları dövrdə ailələrinin sosial-iqtisadi vəziyyəti dəyişə, təhsil haqlarının ödənməsində müəyyən problemlər ortaya çıxa bilər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhsil kreditlərinin tətbiq edilməsi tələbələrin təhsil haqqını ödəməkdə yaranan çətinliklərini aradan qaldıracaq. 



Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bildirib ki, Fond yaradıldıǧı gündən ümumilikdə 300 tələbə bu layihəyə maraq göstərib. İyunun 3-dən 25-dək isə kredit almaq üçün ümumilikdə 55 elektron müraciət daxil olub: "Onlardan 22-si Fondun müəyyən etdiyi meyarlara uyǧun gəlib və 22 müqavilə imzalanıb. Bu kreditlərdən 10-u standart kredit paketi, 12-si isə güzəştli kredit paketi şəkilində verilib. 
Mənfi cavab alan tələbələr iki qrupa bölünüb. Bunlar akademik göstəricisi 71-dən aşağı olanlar olub. Akademik borcu uyğun olmayanların sayı 10, sonrakı illər üçün müraciətlərin sayı isə 13 təşkil edib. Eləcə də valideynlərinin kredit tarixçələrində olan sənədləşmə uyğunsuzluğu olanların sayı 8 nəfərdir".

R.Mahmud qeyd edib ki, digər universitetlər tərəfindən də bu layihəyə maraq çox olub: "Belə ki, Lənkəran Dövlət Universitetindən artıq yazılı şəkildə müraciət olunub. Eyni zamanda, tələbələrdən də təkliflər olub ki, qoyulan bəzi şərtlərin sadələşdirilsin. Bütün bu təkliflər fondun növbəti şura iclaslarında baxılacaq".

Sonra təhsil naziri Maarifçi Tələbə Kredit Fondunun ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq sertifikatlar təqdim edib.

Xatırladaq ki, ali təhsil müəssisələri sırasında Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti var. 



Ümumilikdə isə təsisatçı qismində iştirak edən 10 universitetdə 350-400 arası tələbə yeri Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun balansındadır.
 

Kreditin maksimum faiz dərəcəsi 8% olacaq. Tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt veriləcək. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaqlar. Fondun maliyyə əməliyyatlarını həyata keçirən agent bank "Kapital Bank" seçilib.
 

Bir tələbə 1 il üçün maksimum 4 000 manat məbləğində şərti qaydada kredit ala bilər. Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Belə ki, standart paketlərdə 8%-lik kredit dərəcəsi nəzərdə tutulur. Güzəştli paketlərdə isə 6%-lik kredit dərəcəsi müəyyənləşdirilib. Güzəştli paketlərdən ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olanlar tələbələr yararlana biləcəklər.
 

Tələbələr kredit almaq üçün hər il mütləq müraciət etməlidirlər. I kurs tələbələri kredit üçün müraciət edə bilməzlər. Çünki onların il ərzində heç bir akademik göstəricisi qiymətləndirilməyib. Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278

Oxşar yazılar