"Hazırda Maarifçi Tələbə Kredit Fondunun balansında təşəbbüsçü olan 10 universitetdən 400-dək tələbə yeri var. Hər il bu rəqəm yenilənəcək". Lent.az-ın məlumatına görə, bunu Fondun icraçı direktoru Rüfət Mahmud deyib.
O qeyd edib ki, kredit almaq istəyən tələbələr artıq bu gündən iyunun 15-ə kimi Fonda müraciət edə bilərlər. R. Mahmudun sözlərinə görə, fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbə Azərbaycanın vətəndaşı olmalı, təsisçi olan ali məktəblərdən birində təhsil alıb, təhsilin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı əvvəllər kreditlər üzrə de-folt hadisələr baş verməməlidir. O cümlədən, valideynlərin illik gəlir xərcləri 10 min manatdan artıq, tələbələr 25 yaşdan yuxarı olmamalıdır. Maliyyə kreditləşməsi bu il üçün yalnız bakalavr pilləsində təhsil alan tələbələrə şamil olunur. Əsas şərtlərdən biri də tələbənin ümumi orta müvəffəqiyyət balının 71 baldan yuxarı olmasıdır. Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı olacaqsa, o zaman onlara kredit verilməyəcək. Tələbə bu krediti almaq üçün II kursdan müraciət edə bilər".
R. Mahmud onu da bildirib ki, kreditin maksimum faiz dərəcəsi 8% təşkil edir: "Tələbə krediti universiteti bitirdikdən 1 il sonra 10 il ərzində ödəyə bilər. Fondun maliyyə əməliyyatlarını agent bank olaraq Kapital Bank gerçəkləşdirəcək. Gələcəkdə digər banklarla da əməliyyatı aparmaq mümkün olacaq. Tələbə üçün rahat şəkildə krediti qaytarma müddətində mexanizmlər işlək vəziyyətdə olacaq".
R. Mahmudun sözlərinə görə, oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq: "Bir tələbə 1 il üçün maksimum 4000 min manat məbləğində şərti olaraq kredit ala bilər. Kreditin maksimumu 4 il ərzində 20 min manat məbləğində edir. Həmin pul fonddan birbaşa ali məktəbə ödənilir". Fondun direktoru qeyd edib ki, tələbələr üçün standart və güzəştli paketlər nəzərdə tutulub: "Bələ ki, standart paketlərdə 8%-lik dərəcə götürülüb. Amma güzəştli paketlərdə 6%-lik kredit məbləği nəzərdə tutulur.
Güzəştli paketləri ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olanlar tələbələr ala biləcək. Tələbələr kredit almaq üçün hər il mütləq olaraq müraciət etməlidir. Tələbə tərəfindən kredit qaytarılmasa məhkəməyə müraciət edilə bilər".
Maarifçi Tələbə Kredit Fondu gələcəkdə digər maliyyə mexanizmlərə (tələbənin yaşayış şəraitinin yaxşılaşdırılmasi, texnikaların alınması, araşdırmaların gerçəkləşdirilməsi) də dəstək ola bilər.