2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqəyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ( BŞTİ ) tərəfindən ümumilikdə, 877 vakant yer çıxarılıb.
BŞTİ-dən Lent.az-a bildirilib ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında 3 (üç) mərhələli müsabiqə keçirilib.
Müsabiqəyə 628 vakant yer çıxarılıb. Müsabiqənin yekunlarına əsasən, 151 müəllimin iş yerinin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.
Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və ölkədaxili yerdəyişməsi müsabiqəsinə isə BŞTİ tərəfindən 726 vakansiya təqdim edilib. Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin I turu üzrə 240 nəfər, II turu üzrə 122 nəfər müəllim vəzifəsinə işə qəbul edilib. Ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlardan (şəhərlərdən) 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib.
Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə müəllimlərin müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) işə qəbulu zamanı namizədlərin mərkəzləşdirilmiş müsabiqədə göstərdiyi nəticələrə istinad edilib. Cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 429 müəllim işə qəbul üçün göndərilib.