Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun iki yeni kitabı çapdan çıxıb.
Lent.az-ın xəbərinə görə, “Dövlət və siyasət fəlsəfəsi”, “Cəmiyyət, mədəniyyət və siyasət fəlsəfəsi” adlanan kitablarda mövzuların əsas obyektini insanların münasibət və əlaqələr forması olan dövlət, cəmiyyət və mədəniyyət təşkil edir.
Dövlətin fəaliyyəti olan siyasətin məzmununa və formasına fəlsəfi aspektlərdən yanaşılır. Dövlətin bir qurum kimi fəlsəfi məzmunu onun tərkib elementlərinin vəhdət təşkil etməsi aspektindən izah olunur. Dövlət həm bütöv, həm də tərkib etibarilə pozitiv bir kompleks kimi nəzərdən keçirilir. Dövləti təşkil edən və təmsil edən hakimiyyətin fəaliyyətinin fəlsəfi məzmunu açılır. Dövlətin inkişaf yollarının fəlsəfi tezisləri ümumiləşdirilir.
Bundan başqa, dövlət, cəmiyyət, mədəniyyət məfhumları, anlayışları arasında bağlılığın fəlsəfi aspektləri izah olunur. Cəmiyyətin dövlətə, dövlətin isə cəmiyyətə xidmət etməsinin əsasları izah olunur. Mədəniyyətin dövlətin və xalqın inkişaf göstəricisi olması kriteriyası nəzərdən keçirilir. Cəmiyyətdə şəxsiyyətlərin yetişməsi üçün siyasətin istiqamətləri və mahiyyəti işıqlandırılır. Xalqın və onun hakimiyyətinin mədəni səviyyəsinin əsasları izah edilir.
Kitablarda dövlət hakimiyyətinin etikası, hakimiyyətin mənəvi-ruhi elementləri onun fiziki elementləri ilə vəhdətləşdirilir. Nəticələr etibarilə dövlət və onun siyasətinin xeyirxah missiyalı olması qənaətinə gəlinir.