Gələn il pensiyaçıların sosial müdafiəsi daha da güclənəcək
13 oktyabr 2015 10:39 (UTC +04:00)

Gələn il pensiyaçıların sosial müdafiəsi daha da güclənəcək

 

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcə layihəsi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə istiqamətlənib.

 

DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Fondun 2016-cı il üçün proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirinin 64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaq. 2016-cı ildə dövlət büdcəsindən Fonda transfertin məbləği cari ildə olduğu kimi 1,1 milyard manat təşkil edəcək və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artım toplanan sosial sığorta haqları hesabına qarşılanacaq. Bu göstəricilər çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər fonunda ölkəmizdə təmin olunan dayanıqlı inkişafın və əhalinin gəlirlərinin artım dinamikasının əyani təzahürü kimi sosial sığorta haqları üzrə proqnozlarda öz əksini tapır.

 

Fondun 2016-cı il üçün büdcəsi layihəsində xərclərin 3 milyard 11,2 milyon manatının əhaliyə ödənişlərə, 20,0 mln. manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 mln. manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27,0 mln. manatının Fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 mln. manatının Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub. Əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.

 

Azərbaycanın iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi siyasətinin uğurlu icrası nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb. 2015-ci ilin 9 ayının nəticələrinə görə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 195,6 manatdır və ölkə üzrə orta aylıq əmək haqqının 43 faizini təşkil edir ki, bu da beynəlxalq standartlara uyğundur. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.

 

Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. 2015-ci ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri  ötən ilin müvafiq dövrünə nisbətən 31,5 mln. manat artaraq 2185,2 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1304,7 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz və ya 62,0 mln. manat çoxdur.

 

Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bu tədbir 2015-ci ildə də davam etdirilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən cari ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166

Oxşar yazılar