2018-2019-cu tədris ilində ali məktəblərə qəbul planında 45 min 599 nəfərlik yer, bu il 48 min 506 nəfərlik qəbul planı müəyyən olunub. Belə ki, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul planında 6,4 faiz artımı nəzərdə tutulub.
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, adətən qəbul planının dolma göstəricisi 90 faiz olur. Nəticədə 5 minə yaxın plan yeri boş qalır.
Qəbul planının artacağı halda, daha çox plan yerinin boş qalıb-qalmayacağı məsələsi gündəmə gəlir.
Ümumiyyətlə, qəbul planının artması hansı zərurətdən irəli gəlir? Buna ehtiyac varmı?
Təhsil eksperti Kamran Əsədov Lent.az-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə ayrılan plan yerlərinin sayının artması gözlənilən idi: “2019/2020-ci tədris ilində təkcə abituriyentlər qəbul olunmayacaq, eyni zamanda müsabiqədən kənar qəbul, kollec məzunları üçün qəbul həyata keçiriləcək. Bundan başqa, universitetlərin nəzdində hazırlıq qrupları da yaradılacaq. Ona görə də plan yerlərinin sayının artması zəruri idi. Eyni zamanda, Azərbaycanda ali təhsilli insanların sayı cəmi 17 faizdir ki, bu da azdır".
2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafı üzrə dövlət strategiyasının qəbul edildiyini xatırladan ekspertin sözlərinə görə, strategiyanın əsas istiqamətindən biri də o idi ki, təhsilin əlçatımlılığı təmin olunmalıdır və əhatə dairəsi genişlənməlidir. "Bunların təmin olunması üçün isə plan yerləri artırmalı idi. Plan yerlərinin sayının ciddi şəkildə artırılması xarici ölkələrə təhsil almağa gedəcək insanların da sayına təsir göstərəcək və onlar və Azərbaycanda qalıb təhsil alacaqlar”.
Təhsil eksperti Etibar Əliyev isə Lent.az-a bildirdi ki, qəbul planının artırılmasının səbəblərindən biri yeni ixtisasların açılması ola bilər: “Bəzi ali məktəblər universitetin maddi-texniki bazası, müəllim heyəti imkan verməsə belə, yeni ixtisaslar yaradırlar. Bu artımda ali məktəb rəhbərlərinin müraciəti də rol oynaya bilər. Görünür, elə universitetlər var ki, hansısa ixtisas üzrə tələbə sayını artırmağı zəruri hesab edirlər. Digər səbəblərdən biri Azərbaycanın hər min nəfərə düşən tələbələrin sayına görə MDB ölkələrindən belə geri qalmasıdır. Son qərara görə artıq kollec məzunları ali məktəblərdə təhsil almaq hüququ qazanıblar. Bu artımlar tələbə sayını nisbətən həmin ölkələrdəki tələbə sayına yaxınlaşmasına xidmət edir”.
Məzunların sayı artdıqca, işlə təmin olunma probleminin yaranmasına gəlincə isə, E.Əliyev qeyd etdi ki, adətən ölkədə əmək bazarının təlabatına uyğun mütəxəssis hazırlığı aparılmır, təkliflə təlabat üst-üstə düşmür: “Amma bunlara baxmayaraq, ali məktəblərdə professor-müəllim heyətinin ixtisara salınmaması, eyni zamanda universitetin profilini qoruyub saxlanması və digər tərəfdən, say məsələsinə görə bu tərkibi ya sabit saxlayırlar, ya da artırmağa çalışırlar. Azərbaycanda bir neçə ali məktəb pedaqoji ixtisaslar üzrə kadr hazırlığı həyata keçirir. Yaxşı ki, onların işə qəbulu imtahan vasitəsilə həyata keçirilir və məhdud sayda məzun işlə təmin olunur. Amma bu halı mühəndislik, iqtisadiyyyat ixtisasları, kənd təsərrüfatı ixtisasları, texnolgiya ixtisaslarına şamil etmək mümkün deyil. Təlabat cəmiyyətinə keçmişik. Təlabat cəmiyyətinin mahiyyəti ondan ibarətdir ki, əmək bazarı, onu əhatə edən seqmentlərin nümayəndələri konkret olaraq hansısa kriteriyalar əsasında işə qəbul edirlər. Bu da xeyli sayda işsiz ordusunun yaranmasına səbəb olur”.