Bu asteroiddə həyat üçün vacib vitaminlər  TAPILDI
27 mart 2023 13:07 (UTC +04:00)

Bu asteroiddə həyat üçün vacib vitaminlər TAPILDI

"Ryugu" asteroidinin səthinin alt təbəqəsindən götürülmüş süxur nümunələrinin analizləri ilə bağlı yeni məlumat təqdim edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən asteroiddən əldə edilmiş süxur nümunələri Hayabusa-2 adlı kosmik aparat vasitəsilə 2020-ci ilin dekabr ayında Yer kürəsinə çatırılıb. Həmin süxur nümunələri üzərində artıq çoxlu sayda analizlər aparılıb. Təqdim edilən yeni məlumatlara əsasən, süxur nümunələrinin tərkibində həyat üçün vacib orqanik birləşmələr və hətta vitamin də aşkar edilib.

"Ryugu" Yer kürəsinə yaxın zonada mövcud olan asteroiddir. Məlumata görə, bu asteroidin yaşı Günəşin yaşından daha çoxdur. Onun strukturunda DNT ilə RNT üçün vacib olan inşaat bloklarının olması bioloji həyat növünün yaranması üçün vacib olan orqanik birləşmələrin Yer kürəsi və hətta Günəş sistemindəki digər planetlərin formalaşmalarından daha öncə əmələ gəldiklərinə işarə edir.

Həmin orqanik birləşmələr kosmik şəraitdə asteroidin dərinliklərində qoruna biliblər. Kosmik radiasiya asteroidin dərinliklərinə çata bilmədiyindən orqanik birləşmələr olduqları kimi qalıblar. “Mütəxəssislər asteroidin iki müxtəlif yerindən əldə edilmiş nümunələri analiz edən zaman onlar RNT-nın inşaat bloklarından biri olan urasili və həmçinin B3 vitaminini (canlı orqanizmlərdə maddələr mübadiləsi üçün lazım olan vacib birləşmə) aşkar ediblər” - məlumatda qeyd edilib.

Bu yeni tədqiqat nəticələri Yer kürəsinə həyatın kosmosdan gəlmə variantının mümkünlüyünü bir qədər də möhkəmlədir.

# 1740
avatar

Fidan İlqar

Oxşar yazılar