Yüz milyonlarla Android cihaz təhlükə altındadır
31 may 2023 14:00 (UTC +04:00)

Yüz milyonlarla Android cihaz təhlükə altındadır

Öz son hesabatlarında Dr. Web şirkəti Android əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni zərərli proqram təminatının aşkar edilməsindən danışıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, aşkar edilmiş yeni zərərli proqram təminatı casusluq özəlliklərinə sahibdir. Belə ki, o, cihazdakı fayl sistemi barəsində məlumatları yığaraq onları hackerlərə ötürə və faylların mübadiləsi buferində yerləşən faylları əvəzləyə bilər. Android.Spy.SpinOk adlı yeni troyan marketinq SDK şəklində yayılır.

Tərtibatçılar onu Google Play Market və digər tətbiq mağazaları vasitəsilə yayılan mobil tətbiqlər ilə oyunlara inteqrasiya edirlər. Son məlumatlara əsasən sözügedən troyan ümumilikdə 421 290 300 yüklənmə sayına sahib 101 tətbiqdə aşkar edilib. Bu isə o deməkdir ki, yüz milyonlarla Android istifadəçisi bu troyandan zərər çəkə bilər. İstifadəçi smartfonunun sisteminə daxil olandan sonra SDK troyan idarəetmə serveri ilə əlaqə yaradır və ona smartfonun texniki özəllikləri barəsində müxtəlif məlumatları ötürür.

Bu məlumatlar isə zərərli proqram təminatının iş prosesinin ayarlanmasında istifadə edilə bilər. Nəticədə onun smartfon sistemində olduğunu aşkar etmək mümkün olmayacaq. Mütəxəssislər bu troyan barəsində məlumatları artıq mobil tətbiq və oyun tərtibatçılarına təqdim ediblər. İstifadəçilərə isə sahib olduqları mobil tətbiq və oyunları son versiyaya kimi yeniləmək məsləhət görülür.

# 2823
avatar

Oxşar yazılar