Beş lüğət yazdı, kəndliyə torpaq payladı -  UNUDULAN MƏMURLAR
14 mart 2022 20:15 (UTC +04:00)

Beş lüğət yazdı, kəndliyə torpaq payladı - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovdan bəhs edəcəyik.

Məmmədov Qərib Şamil oğlu 6 yanvar 1947-ci ildə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olub. O, orta təhsilini elə doğulduğu rayonda alıb. Daha sonra isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsini bitirib. 

Məmmədov Qərib Kənd Təsərrüfatı Nazirliyində laborant, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya rəhbəri və institutun direktoru vəzifələrində çalışıb. 

O, 1996-cı ildə deputat seçilib. 2001–2015-ci illərdə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub. 

Qərib Məmmədov BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi və aqrar məsələlər üzrə müşaviridi.

Qərib Məmmədov onlarla elmi əsərin, o cümlədən 30 metodik tövsiyə və kitabçanın, 36 müəlliflik şəhadətnaməsi və patentin, 5 səmərəli təklifin, 20-dən çox dərslik və dərs vəsaitinin və 30-a yaxın monoqrafiyanın müəllifidir

Qeyd edək ki, onun əsərləri tanınmış yerli və xarici jurnallarda çap olunub.  O, bu günədək 16 dərsliyin, 4 dərs vəsaitinin, 22 monoqrafiyanın, 5 lüğətin, 8 təlimatın müəllifi və ya həmmüəllifidir.

Qərib Məmmədov aqrar elmlər üzrə fəlsəfə doktoru, ekologiya ixtisası üzrə biologiya üzrə elmlər doktor dərəcəsini və professor elmi adını alıb. 

Sabiq sədr 2001-ci ildə AMEA-nın müxbir üzvü, sonra isə həqiqi üzvü seçilib. 

Qərib Məmmədov sədrliyi dövründə mətbuat katibi kimi çalışan Hikmət Babaoğlu deyir:
“Onun Torpaq və Xəritəçəkmə Komitəsinin sədrliyi dövründə ilk dəfə torpaqlar özəlləşdirilərək kəndlilərə verildi. Mən 10 il Qərib müəllimlə işləmişəm. O, rəhbərlik etdiyi kollektivi ailəsi kimi görürdü.  Qərib Məmmədov torpaq islahatı keçirən zaman ona qarşı çıxan çox olmuşdu. Hətta onlar arasında rəhbər şəxslər də var idi. Çünki torpaqların kəndlilərə paylanması onların istifadəsini məhdudlaşdırırdı. O, bu müqaviməti qırdı. Bu gün də mənim Qərib müəllimlə çox yaxşı münasibətim var. Onun tələbkarlığı sayəsində mən torpaqşünaslıq haqqında demək olar ki, bütün bilgilərə sahibəm”. 

Hazırda AMEA-da məsul vəzifədə çalışır. Ailəlidir, iki övladı var.

# 8169
avatar

Aytəkin Cəlali

Oxşar yazılar