Döyülən Baş prokuror, Qafqazda tək, kabinetdə "X" axtarışı - UNUDULAN MƏMURLAR
17 yanvar 2022 18:40 (UTC +04:00)

Döyülən Baş prokuror, Qafqazda tək, kabinetdə "X" axtarışı - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq Baş prokuror Əli Ömərovdan bəhs edəcəyik.

Əli Ömərov 10 sentyabr 1947-ci ildə Amasiya rayonunun Göllü kəndində anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əli Ömərov doğulduğu kənddə müəllim, 1976-cı ilədək isə Amasiya rayonunda xalq drujinası şöbəsinin rəisi, DQMV prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq, Gəncə şəhər prokurorluğunda baş müstəntiq və nəqliyyat prokuroru vəzifələrində çalışıb.

1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib, daha sonra isə Milli Məclisin üzvlüyünə qəbul olunub.

O, 1993-cü ildə Baş Prokuror vəzifəsinə təyin olunub. Bir il sonra isə öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Əli Ömərov Azərbaycanda yeganə Baş Prokurordur ki, fəaliyyətdə olan Daxili işlər və Müdafiə nazirlərinə qarşı cinayət işləri başladıb və onların vəzifələrindən uzaqlaşdırılmasına nail olub.

O, keçmiş Baş Prokuror Eldar Həsənovun həbsinə münasibət bildirərkən deyib ki, İlahi ədalət onların cəzasını verdi:

“Mətbuat orqanlarında yazırlar ki, sabiq Baş prokuror Eldar Həsənov bir zamanlar Əli Ömərova qarşı hadisələr törədib. Guya Cavadovları öyrədən, təlimatlandıran Eldar Həsənov olub. Mən bununla bağlı bildirirəm ki, həmin hadisələrin üstündən 25-26 il keçib. İndi həmin illərə qayıtmaq istəmirəm. Həm də yıxılana balta vurmazlar və bu, mənim xarakterimə xas deyil”

Əli Ömərov Azərbaycan tarixində döyülən yeganə Baş Prokurordur. O, 1994-cü ildə prokurorluğa olan hücum zamanı OMON-çular tərəfindən döyülmüşdü. Həmin hücum zamanı Xətai rayonun sabiq prokuroru Mahir Cavadov Əli Ömərovu şəxsən döymüşdü.

O, Baş Prokuror olduğu dönəmdə bəzən gülməli məqamlarla da yadda qalıb. Məsələn,  bir dəfə onun göstərişiylə tanınmış Səbuhi Məmmədli “525-ci qəzet”in redaksiyasından zorla Prokurorluğa aparılıb. Həmin vaxt “525”də  xanım jurnalistlərin biri "Mister X” rubrikasında adı gizli qalan şəxslərdən müsahibələr götürürdü. Bir dəfəki yazı Ömərovun fəaliyyəti ilə bağlı olub. Adı gizli qalan prokurorluq işçisi necə deyərlər, şok faktlar açıqlayıb. Bundan sonra Əli Ömərov Səbuhi Məmmədliyə təzyiq edərək kabinetinə yığdığı və adı "X” hərfiylə başlayan (Xalid, Xanlar, Xasay, Xuraman və s.i) adamlardan hansının müsahibə verdiyini ondan tələb etmişdi.

O, nəinki Azərbaycanda, hətta bütün Qafqazda tək və yeganə Həqiqi Dövlət Ədliyyə Müşaviri (Ədliyyə Ordu Generalı) ali xüsusi rütbəyə malik şəxsdir.
Generalı rütbəsi daşıyan 74 yaşlı Əli Ömərov hazırda təqaüddədir. O, iki minə yaxın təqaüd alır. Ailəlidir, 3 övladı var.

# 14019
avatar

Aytəkin Cəlali

Oxşar yazılar