Bufetlər işləməyəcək -  Uşaqlar məktəbdə necə qidalanacaq?
08 sentyabr 2021 14:31 (UTC +04:00)

Bufetlər işləməyəcək - Uşaqlar məktəbdə necə qidalanacaq?

Məktəblərdə dərslərin başlamasına artıq sayılı günlər qalıb. Uşaqların orqanizm və beyinlərinin ən sürətlə inkişaf etdiyi məktəb dövründə sağlam qidalanma çox vacibdir. Sağlam və balanslı qidalanma bədənə və yaşa uyğun miqdarda qida maddələrinin qəbul olunması deməkdir.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, uşağa nəinki sağlam qidalar yedirtmək, həm də boşqablarına istədikləri qədər yox, lazım olan qədər yemək qoymaq lazımdır. Uşaqlara verilməli qidalar arasında meyvə, tərəvəz, ət, yumurta, kərə yağı, taxıllı məhsullar, süd, qatıq, pendir və su ən vacib olanlarıdır.

Bəs, məktəblilər üçün səhər yeməyində nə hazırlamalı?

Əziz valideynlər, övladınız üçün hazırladığınız səhər yeməyində süd, qaynadılmış yumurta, təzə sıxılmış meyvə suyu, pendirli omlet, qara zeytun, açıq rəngli çay, pomidor yumurta, çörək, ballı çörək, banan, pendirin olması məsləhət görülür.

Məktəb dövrü  6-16 yaşları əhatə etməklə, intensiv boy artımı, sümük skeletinin və əzələlərin böyüməsi, maddələr mübadiləsinin, endokrin sistemin fəaliyyətivə baş beynin mürəkkəb funksiyalarında yenidənqurma prosesləri ilə xarakterizə olunur. Orqanizmin formalaşması prosesi, cinsi yetişkənlik, uşağın şəxsiyyətə çevrilməsi məhz məktəb dövrlərində baş verir. Məktəblilərin düzgün qidalanması isə bu prosesdə böyük rol oynayır.

Uşağa vacib olan kalorinin miqdarı onun fiziki və zehni aktivliyindən asılı olaraq dəyişə bilər. Alimlər müxtəlif yaş qruplarına görə məktəblilərin sərf erdikləri kalorinin təxmini miqdarını hesablayıblar.

7-11 yaşda uşaqlara sutkada ən azı 2300 kilokalori tələb olunur. 11-14 yaşda uşaqlara sutkada ən azı 2500 kilokalori məsləhətdir. 14-18 yaşda yeniyetmələrə sutkada ən azı 3000 kilokalori tələb olunur.

Ən əsas məsələlərdən biri də odur ki, koronavirus epidemiyası səbəbi ilə məktəblərdə bufetlər hələ ki fəaliyyət göstərməyəcək. Belə olduqda gərək uşaqların çantasında məktəbdə yemək üçün də qida qoyulsun.

Bəs, hansı qidaları qoymaq daha məsləhətlidir?

Dietoloqların sözlərinə görə, övladınızın çantasına fındıq, qoz, badam, əncir qurusu, üzüm qurusu, qaysı kimi quru meyvələr qoymaq məsləhətdir. Bundan başqa, məktəbdə yemək üçün uşağa təzə sıxılmış meyvə suyu, kompot, ayran, simit, meyvə, süd, evdə hazırlanmış piroq, sendviç, çörəkarası kotlet də qoymaq olar.

 

 

 

 

 

# 2490
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar