Uşaqlarla pul mövzusunu necə müzakirə etməli? - Cib xərcliyi və ilk qazanc
24 iyul 2026 16:04 (UTC +04:00)

Uşaqlarla pul mövzusunu necə müzakirə etməli? - Cib xərcliyi və ilk qazanc

0

Bir çox valideyn övladının əlində pul olmasının onu israfçı edəcəyindən və ya pulu düzgün idarə edə bilməyəcəyindən narahat olur. Buna görə də uşaqlara yalnız arabir kiçik məbləğ verərək onların zamanla hər şeyi özlərinin öyrənəcəyini düşünürlər. Halbuki maliyyə savadlılığı oxumaq və yazmaq kimi öyrədilməsi vacib olan bacarıqlardan biridir.

Lent.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, müntəzəm verilən cib xərcliyi uşaqlarda maliyyə vərdişlərinin formalaşmasına təsadüfi verilən pullardan daha çox kömək edir. Araşdırmalar göstərir ki, hər həftə kiçik məbləğ alan uşaqlar təxminən 10 yaşından etibarən xərclərini planlaşdırmağa başlayırlar. Ekspertlərin fikrincə, 12 yaşına qədər qazanılan şəxsi maliyyə təcrübəsi gələcək maliyyə davranışının formalaşmasında mühüm rol oynayır. "Pulunu xərcləmə", "qənaət et" kimi sadə xəbərdarlıqlar praktik təcrübə olmadan effektiv nəticə vermir. Valideynlərə tövsiyə olunur ki, cib xərcliyini ev işləri və ya məktəbdə yüksək qiymətlər almaqla əlaqələndirməsinlər. Əks halda uşaq evdəki məsuliyyətlərini ailə borcu kimi deyil, ödəniş qarşılığında görülən iş kimi qəbul etməyə başlayır. Yaxşı oxumaq və otağını səliqədə saxlamaq onun gündəlik məsuliyyətidir. Psixoloqlar hesab edirlər ki, cib xərcliyi maaş deyil, maliyyə idarəçiliyini öyrədən bir məşq vasitəsidir. Uşaq bəzən pulu düzgün xərcləməyəcək və səhv qərarlar verəcək. Lakin kiçik məbləğlə edilən bu səhvlər gələcəkdə daha böyük maliyyə problemlərinin qarşısını ala bilər. Mütəxəssislər hesab edirlər ki, uşağa 6-7 yaşından etibarən həftəlik kiçik məbləğdə cib xərcliyi vermək məqsədəuyğundur. Məbləğ ailənin maddi imkanlarına uyğun seçilməlidir. Əsas məqsəd uşağın həm xərcləməyi, həm də qənaət etməyi öyrənməsidir.

12-14 yaşlarında isə uşaqlar yaşlarına uyğun kiçik işlər görərək ilk gəlirlərini əldə edə bilərlər. Məsələn, qonşunun itini gəzdirmək, kiçik tərcümələr etmək, kompüter bacarıqlarından istifadə etməklə sadə sifarişlər yerinə yetirmək və ya ailə biznesində yardım göstərmək onların əməyin dəyərini anlamasına kömək edir. Əgər uşaq cib xərcliyini vaxtından əvvəl bitirərsə, mütəxəssislər əlavə pul verməməyi tövsiyə edirlər. Bu, planlaşdırma vərdişinin formalaşmasına kömək edir. Valideyn yalnız vəziyyəti izah etməli, lakin hər dəfə onu maliyyə çətinliyindən çıxarmamalıdır. Ekspertlər ailə büdcəsinin də uşaqlarla müəyyən həddə müzakirə olunmasının faydalı olduğunu bildirirlər. "Pulumuz yoxdur" demək əvəzinə, "Biz pulumuzu necə xərcləyəcəyimizi seçirik" yanaşması uşağın maliyyə qərarlarının mahiyyətini daha yaxşı başa düşməsinə imkan verir.

Mütəxəssislərin fikrincə, pulun zəhmətlə qazanıldığını erkən yaşlardan anlayan uşaqlar gələcəkdə daha məsuliyyətli maliyyə qərarları verir, borclanmaya daha az meyl göstərir və qənaət etməyi daha tez öyrənirlər. Buna görə də cib xərcliyi uşağı ərköyünləşdirmir, əksinə, onu gələcək həyata hazırlayan mühüm təcrübəyə çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar