Doğuş zamanı təcavüz: “Qışqırtısı o qədər ürək parçalayan idi ki...” - Cinayət DOSYESİ
09 fevral 2022 20:15 (UTC +04:00)

Doğuş zamanı təcavüz: “Qışqırtısı o qədər ürək parçalayan idi ki...” - Cinayət DOSYESİ

Cinayət DOSYESİ – 004

Əvvəlki yazı

"Polislər onu əl-qolu bağlı halda tavandan asılmış halda tapıblar. Bu cür asılmış vəziyyətdə də onu zorlayıblar. O doğarkən təcavüzə məruz qalıb. Çoxlu qan itirib".

Bu sətirlər hər hansı qorxu filmindən deyil. Gənc qızın həyatındakı dəhşətli, gerçək anlardı.

Lent.az-ın “Cinayət Dosyesi” layihəsində bu dəfə sizə insan alveri cinayətinin qurbanı olan gənc qadının taleyindən danışacağıq. Daha doğrusu talesizliyindən...

Yazımızın qəhrəmanı bu dəhşəti qanunların işləmədiyi, qeyri-hüquqi bir dövlətdə yaşamayıb. Bu bədbəxt qız Avropanın mərkəzində - Böyük Britaniyada İnsan alverinin qurbanı olub.

"Mənim həmin günü gördüklərim, həyatımda yaşadığım ən dəhşətli şeylərdən biridir".

Yenny Aude

Bunu söyləyən Yenny Audedir. O, Böyük Britaniyada yaşayır və Latın Amerikasından olan qadınlara köməklik edən LAWA qeyri-hökumət təşkilatlında çalışır. İnsan alverinin dəhşətli qurbanı olan Annanı (təhlükəsizlik üçün ad dəyişdirilib) dünyaya o tanıtdırıb.

Yennyin danışdıqlarını dinlədikcə sanki yer insanın ayağı altında titrəyir:

"Qadın tapılan zaman çəkilmiş şəkillər çox dəhşətli və sarsıdıcı idi. Polislər onu əl-qolu bağlı halda tavandan asılmış vəziyyətdə tapıblar. Bu cür asılmış vəziyyətdə də onu zorlayıblar. O, doğarkən təcavüzə məruz qalıb. O, çoxlu qan itirib".

Hələ Annanın dəfələrlə aborta məruz qaldığı da bəlli olur.

Anna Kolimbiyada yaşayan kasıb bir qız idi. O zaman bu kasıbçılığı özü üçün böyük dərd edən qız, bundan çıxış yolu axtararkən onu gələcəkdə hansı bədbəxtliyin gözlədiyindən xəbərsiz idi. Bütün faciəsi iş axtarmaqla başlayır. Bu qadın iş tapmaq üçün Kolumbiyadan İspaniyaya yollanır. Bunu bilən xalası qızı onu Londona dəvət edib. O zaman qohumu tərəfindən cinsi zorakılığa məruz qaldığı üçün qaçmaq yolunu axtaran Anna bu təkliflə dərhal razılaşır. İspaniyaya gələr-gəlməz isə...

“Mən ölmək istəyirdim”

O artıq tələyə düşmüşdü, vasitəçilər onu aldadıb, sənədlərini əlindən alırlar. Britaniya vizası olmadığı üçün, xalası qızı "tanışını" göndərənə qədər Anna bir neçə ay Fransada qalmalı olub. Anna İngiltərəyə 2000-ci ildə, 18 yaşı olarkən gəlir.

Xalaqızının göndərdiyi kişi barədə Anna sonralar bunu deyir: "O, sadəcə mənə baxdı və dedi ki, nə əmr etsəm onu edəcəksən. Mən elə qorxdum ki!”

Sərhədi saxta sənədlə keçirlər. Keçid məntəqəsinə çatar-çatmaz kişi 18 yaşlı qızın pasportunu alır və İspaniya vətəndaşı kimi yeni şəkilli pasportunu verir.

Anna həmin günü belə xatırlayır:

“Yeni adımı və doğum tarixini yadımda saxlamalı idim. Kişi mənə bir dəstə pul verdi və pasport "nəzarətindən keçmək lazımdır" dedi. Əmrlər bunlar idi - ətrafına baxma, büdrəmə və əsəbiləşmə! Mən ölmək istəyirdim. Nə edəcəyimi bilmirdim ".

Britaniya ərazisinə keçən kimi onu Londonda yaşayan xalası qızının yanına aparırlar. Qohumu onu bu sözlərlə qarşılayır: "Artıq gəlmisən. Sənə xərclədiyim pulları geri qaytarmalısan. Biz səni işə cəlb edəciyik. Mən nə əmr etsəm, onu edəcəksən. Sən mənim əlimdəsən".

Cəhənnəmin başlanğıcı

Anna hələ çaşqın idi. Nələr olduğunun fərqində belə deyil. Evdə ondan başqa daha dörd qız var. Bikinidə və şəffaf ətəklərdə olan qızlar... Hamısının üzündə qalın makiyaj qatı. Anna başa düşmürdü ki, xalası qızına borcunu necə ödəməlidir? Ona faciəli bir həyatı adi bir iş kimi izah edirlər. Otaqdakı qadınlar Annanın gözündəki dəhşəti görüb onu hər cürə sakitləşməyə çalışırlar. Anna deyir ki, onlar Boliviyadan, Kolumbiyadan, Meksikadan və Venesueladan idilər:

“Qadınlar 19 -24 yaş arasında idilər. Onlar mənə danışdılar ki pulları, sənədləri yoxdur və onların bu vəziyyətdən çıxmaq üçün heç bir imkanı olmayıb".

Qızlar Annanı gizlətdilər. Çünki bilirdilər ki, gənc olduğuna görə müştərilər onu istəyəcək. Onlar izah etdilər ki, pul ödədiyinə görə, müştəri istədiyini tələb edə bilər.

Elə bir gün gəlib çatır ki, artıq Annanı gizlətmək mümkün olmur. Və elə həmin gündən onun üçün cəhənnəm başlayır.

Əxlaqsızlıq yuvasına gələn kişilər Annanı gördükdən sonra ayrı qadın istəmirlər. Buna görə də gənc qız üçün dəhlizdə böyük növbə yaranır. Anna deyir ki, bəzi müştərilər prezervativdən istifadə etməkdən imtina edir: “Şikayət edən zaman məni döyürdülər, işgəncə verirdilər".

Fahişəxananı polisdən gizlətmək üçün ünvanı tez-tez dəyişirlər. Bir dəfə ünvan dəyişiləndə Anna qaçmağa cəhd göstərib. Lakin onu çox pis döyürlər. O, xalası qızının sözlərini xatırlayır: "Əgər küçəyə çıxsan, səni kimsə başa düşməyəcək, sənə kimsə inanmayacaq".

Müştərilər Annaya çox amansız davranırlar. Onun naləsi bütün evi götürürdü. Qonşular onun qışqırıqlarını eşidib və polisə müraciət edirlər. Lakin polislər gəlib qapını döyəndə cavab verən olmur və onlar gedirlər. Bir müddət sonra 18 yaşlı gözəl Annanın demək olar ki dişi və saçı qalmır. Müştərilərin istədiyini yerinə yetirmədikdə qadının dişlərini çıxarır, ya da saçını yolurdular.

Ən dəhşətli gün gəlib çatır...

Anna bilmədiyi müştəridən hamilə qalır. Onu dəfələrlə abort etdirsələr də bu dəfəki hamiləliyi sonlandırmalı olur. Bədbəxt Anna hətta doğuş zamanı təcavüzə məruz qalır. Qonşu qadınlar sonra polisə belə açıqlama verir: “Polis neçə dəfə səs-küyə gəlib, lakin onu qaçırdırdılar və tapılmırdı. Lakin sonuncu dəfə, doğuş sancıları çəkərkən belə zorlanan qızın qışqırtısı o qədər ürək parçalayan olub ki, polislər sonunda onu tapa biliblər...”

Anna o qədər dərin psixoloji xəsarət almışdı ki, hətta xilas olduqdan sonra da yanında kişilər olan zaman başını yerdən qaldıra bilmirdi. Qorxudan əsirdi.

Ona kömək psixoloji müalicə ilə məhdudlaşır. Diş və saçlarını da bərpa edirlər. Annanın cinsiyyət orqanı da əməliyyat edilir. Sonunda qadın Kolumbiyaya qayıtmağa qərar verib.

Söhbətimizi yenə Yenny Audedirin xatirəsi ilə yekunlaşdırırıq:

"O, Kolumbiyanı tərk edən zaman necəydisə elə də görünmək istəyirdi. O mənə öz şəklini göstərdi. Bu, tamamilə başqa insan idi".

Ardı var...

# 17364
avatar

Cavidan HUN

Oxşar yazılar