“Sendi” Amerikanı dağıdır - FƏLAKƏT
30 oktyabr 2012 08:53 (UTC +04:00)

“Sendi” Amerikanı dağıdır - FƏLAKƏT

ABŞ-ın şərq sahillərini vurmuş «Sendi» qasırğasının qurbanlarının sayı 10 nəfərə çatıb. Bu barədə APA CNN-ə istinadən məlumat verir. Daha öncə 5 nəfərin öldüyü bildirilirdi. Güclü külək və yağış nəticəsində 1,5 milyon insan elektriksiz qalıb.

ABŞ Milli Qasırğa xəbərdarlığı mərkəzinin məlumatına görə, qasırğa sahili gözlənildiyindən zəif vurub.

Eyni zamanda məlumatlara əsasən, Nyu-Yorkun Manhetten və Kvins rayonlarında metropoliten tunelləri su ilə dolub. Lakin artıq suyun səviyyəsi enməkdədir. Bir sıra sosial şəbəkələrdə qasırğanın Nyu-Yorka özü ilə köpək balıqlarını gətirdiyi yazılıb və müvafiq şəkillər əlavə olunub.

***

06.31

«Sendi» qasırğası ABŞ-ın Nyu-Cersi ştatının sahillərinə çatıb. Artıq 5 nəfər qasırğanın qurbanı olub. APA-nın xəbərinə görə, bu barədə ABŞ Milli Qasırğa xəbərdarlığı mərkəzi məlumat yayıb.

Qasırğa artıq Atlantik-siti şəhərini vurub. Onun sürəti saatda 37 kilometrdir. «Sendi»ni müşayiət edən küləklərin sürəti saatda 130 km-ə çatır.

ABŞ radiostansiyalarının məlumatına görə, qasırğa ən ciddi şəkildə Bakı vaxtı ilə səhər saat 10-dək hiss olunacaq. Bölgədə yağış daha iki gün ərzində yağacaq.

Şimali Karolinadan Yeni İngiltərəyədək olan ərazidə qasırğa şiddətli külək, leysan yağışı, daşqın və qar yağmasına səbəb olub.

Nyu-Hempşirdə güclü yağış və külək səbəbilə məktəblərdə bütün dərslər iki günlük təxirə salınıb, müəssisələrdə qısa iş günü elan olunub. Sakinlərə elektrik enerjisinin verilməsində fasilələr ola biləcəyi barədə xəbərdarlıq edilib.

«Sendi» qasırğası seçki kampaniyasına da təsir edib. Şərq sahilində seçki kampaniyasına aid bir sıra tədbirlər təxirə salınıb. ABŞ vitse-prezidenti Cozef Bayden Nyu-Hempşir ştatına səfərini təxirə salaraq Ohayoya gedib. Prezident Barak Obama da öz seçki qrafikinə dəyişikliklər edib. O qasırğaya hazırlıq prosesinə nəzarət etmək üçün Vaşinqtondadır.
# 4217

Oxşar yazılar