Rusiya ordusunun bütöv bir bölməsi aclıq və susuzluqdan  təslim oldu - VİDEO
03 oktyabr 2026 14:06 (UTC +04:00)

Rusiya ordusunun bütöv bir bölməsi aclıq və susuzluqdan təslim oldu - VİDEO

0

Donetsk vilayətində onlarla rusiyalı hərbçi Ukrayna qüvvələrinə əsir düşüb. Əsirlərin dediyinə görə, komandirləri bölməni lazımi təchizat olmadan qoyub və əsgərləri faktiki olaraq taleyin ümidinə buraxıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, təcrid vəziyyətində qalan Rusiya hərbçiləri ciddi su, ərzaq və dərman çatışmazlığı ilə üzləşiblər. Sağ qalmaq üçün bəzilərinin öz sidiyini içdiyi və ağac qabığı yediyi bildirilir.

Bu barədə “The Sun” nəşri Ukraynanın 3-cü Əlahiddə Hücum Briqadasının yaydığı videoya istinadən yazıb.

Yayımlanan görüntülərdə cərgəyə düzülmüş 94 taqətsiz rusiyalı hərbçinin olduğu bildirilir. Qrup adından Aleksandr Manankov adlı zabit danışıb. Onun sözlərinə görə, hərbçilər mənasız yerə ölmək istəmədikləri üçün təslim olmaq qərarına gəliblər.

Manankov iddia edib ki, rusiyalı zabitlər mövqeləri tərk edib və əsgərləri yaşamaq üçün ən zəruri şəraitdən məhrum vəziyyətdə qoyublar. Onun sözlərinə görə, su olmadığından hərbçilər gölməçə suyu və hətta öz sidiklərini içməli olublar. Ərzaq çatışmazlığı səbəbindən ağac qabığı və ot yeyiblər. Yaralılara isə zəruri dərmanların verilməsi mümkün olmayıb.

Zabitin sözlərinə görə, komandanlıq bir müddətdən sonra bölmənin taleyi ilə maraqlanmayıb və hərbçilərə faktiki olaraq “sərf olunan resurs” kimi yanaşıb. Bundan sonra qrup silahı yerə qoyaraq təslim olmaq qərarına gəlib.

Əsir düşən bir hərbçi deyib ki, silahdaşlarından biri susuzluqdan ölüb. Digəri bildirib ki, Rusiya komandanlığı bölməyə dairəvi müdafiə mövqeyi tutmaq əmri verdikdən sonra rabitəni kəsib. Onun sözlərinə görə, dərman çatışmazlığı səbəbindən daha üç hərbçi ölüb və onların cəsədləri götürülməyib.

3-cü Ordu Korpusunun komandiri Andrey Beletski bildirib ki, rusiyalı hərbçilər bütöv bölmələr halında təslim olublar. Onun sözlərinə görə, əsir düşənlər arasında zabitlər, pilotlar və artilleriyaçılar da olub.

O, Rusiya tərəfinin itkilərinin təxminən 2000 hərbçi olduğunu, 250-dən çox rusiyalı hərbçinin isə əsir düşdüyünü bildirib.

Ukrayna tərəfinin məlumatına görə, baş verənlər Donetsk vilayətində ərazilərin azad edilməsinə yönəlmiş “Vivaldi” əməliyyatının üçüncü mərhələsinin nəticələrindən biri olub. Ukrayna tərəfi həmçinin iddia edir ki, əməliyyatın üç mərhələsi ərzində bu istiqamətdə Rusiya qüvvələrinin ölən və yaralananlar daxil olmaqla ümumi itkiləri təxminən 5000 nəfərə çatıb.

Bildirilir ki, Rusiya qoşunlarını çaşdırmaq üçün korpusun tərkibində ayrıca bölmə yaradılıb. Həmin bölmə döyüş əməliyyatlarını imitasiya edib və xəritədə vəziyyətlə bağlı yanlış təsəvvür formalaşdırıb.

Ukrayna qüvvələri əməliyyat zamanı Novoye, Redkodub, Yekaterinovka, Karpovka və Novomixaylovka yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar