Suriya Ordusu Fərat çayının şərqində Rakka və Deyrizor istiqamətlərində irəliləməyə davam edir.
Lent.az-ın xəbərinə görə, Suriya Ordusu Rakka şəhərini mühasirəyə almağa başlayıb.
Suriya Ordusu Rakkanın qərbində Baas su anbarı və Tabka Hava Limanını azad edib.
Rakka və Deyrizorda yerli ərəb qəbilələri də YPG/SDQ-yə qarşı silahlı müqavimətə başlayıblar. Rakka və Deyrizor şəhərlərində bir neçə məhəllə qəbilələrin nəzarəti altına keçib və bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Deyrizor vilayətində Muheymide, Suveydan-ı Cezira, Murat, Gıranic, Et-Tayyane, El-Cerzi, Hatla, El-Huseyniyye, Duvar el-Halebiyye, El-Bağur, Elbu Bedran, El-Bahra, Es-Suse, Ebu Hardub, Eş-Şenan, Denec, Zeyban, Havayic, Şahil, Zer, Busayra, Subha, Dehla, Cedid Bekkara, Huşam, Mazlum, El-Hisan, Cefra Sahası, Huvayic Bumasa, Sava yaşayış məntəqələri, o cümlədən Ömər neft və Kuniko qaz yataqları da artıq qəbilələrin nəzarətindədir.
Suriya Ordusu Deyrizor yaxınlığında YPG/SDQ silahlılarının toplaşma məntəqəsi sayılan Hajin şəhərini nəzarət altına alıb.
SANA agentliyi Tabka rayonundan geri çəkilən YPG/SDQ-nin həbsxanadakı əsirləri öldürdüyü, Rakkaya gələn əsas su kəmərini partlatdığı barədə məlumat yayıb. Suriya hökuməti Tabkada əsirləri edam edən YPG/SDQ-nin Cenevrə Konvensiyasını pozaraq hərbi cinayətə yol verdiyini bəyan edib.
Qeyd edək ki, Suriya Ordusunun son əməliyyatlarına qədər YPG/SDQ Suriya ərazisinin 1/3-nə nəzarət edirdi. Bura Suriyanın əsas neft yataqlarının yerləşdiyi Rakka və Deyrizor bölgələri də daxildir.
Türkiyə PYD və PYD-nin silahlı qanadı YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğunu bəyan edir. Bu qruplaşma isə özünü Suriya Demokratik Qüvvələri (SDQ) kimi təqdim edir.