Bu gün saat 08:30-da 46 yaşlı kişi Tərtər rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
***
09:39
Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində bu gün mina hadisəsi baş verib.
Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 46 yaşlı Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
09:17
Ağdərədə mina hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.
Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.