Şirkət gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir
"Azercell Telekom" MMC-nin təşəbbüsü və dəstəyi, ADA Universiteti və ADA Universiteti Fondunun birgə əməkdaşlığı ilə bakalavr tələbələri üçün nəzərdə tutulmuş AI4Real Süni İntellekt Bootcamp proqramına start verilir. 17–21 avqust tarixlərində ADA Universitetində keçiriləcək intensiv beş günlük proqram gənclərə praktiki bilik və bacarıqlar qazandırmağı, real biznes problemlərinin həllində AI texnologiyalarından istifadə imkanlarını inkişaf etdirməyi hədəfləyir.
Təlim müddətində iştirakçılar süni intellekt texnologiyalarının biznes proseslərində tətbiqi, qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi, telekommunikasiya sektorunda AI həlləri, agent əsaslı süni intellekt (Agentic AI) və digər müasir AI istiqamətləri ilə tanış olacaq, biliklərini real biznes nümunələri üzərində inkişaf etdirəcəklər.
Proqram çərçivəsində tələbələr akademik və sənaye ekspertlərinin mentorluğu ilə komandalarda çalışaraq real biznes problemlərin həllinə yönəlmiş süni intellekt əsaslı layihələr hazırlayacaq və əldə etdikləri bilikləri praktiki şəkildə tətbiq etmək imkanı qazanacaqlar.
Bootcamp müxtəlif ixtisaslar üzrə təhsil alan I və II kurs bakalavr tələbələri üçün nəzərdə tutulub və proqramda iştirak etmək üçün süni intellekt sahəsində əvvəlcədən bilik və ya təcrübə tələb olunmur.
AI4Real Bootcamp proqramında iştirak etmək istəyən tələbələr 03 avqust 2026-cı il tarixinədək https://forms.office.com/r/ngNHPyzFcR ünvanı vasitəsilə müraciət edə bilərlər. İştirakçılar yalnız təqdim olunan müraciət forması əsasında seçiləcək, əlavə imtahan və ya müsahibə mərhələsi nəzərdə tutulmur.
Qeyd edək ki, Azercell “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na uyğun olaraq süni intellekt əsaslı həllərin tətbiqini genişləndirir, eyni zamanda bu sahədə peşəkar kadr potensialının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib.