Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkən Fərrux Ələkbərovun ifadəsi ilə davam edib. O, təqsirləndirilən Zamiq Xankişiyevi 2016-cı ildən tanıdığını bildirib:
"Ustayam, briqadam onun zavodu üçün dəmir qəlib işi görüb. Bizim iş müqaviləmiz olmayıb. Xankişiyevin mənə 18 000 əməkhaqqı borcu var idi, hissə-hissə ödəyirdi. Bir müddət sonra o yoxa çıxdı, telefonlara da cavab vermirdi. Borclu olduğu məbləğdən 12 700 borcu qalmışdı mənə. Atam müharibə iştirakçısı idi, bu məsələ ilə bağlı cənab nazirimiz Vilayət Eyvazovun qəbulunda oldu. Sağ olsun, nazirlə görüşdən sonra bizi polisə çağırıb şikayətimizi dinlədilər. Bu gün Z. Xankişiyev bütün borclarını mənə ödəyib. Hazırda ondan şikayətim yoxdur. Həyatdır da, insanın başına iş gələr".
Daha sonra digər zərərçəkən Pərviz Səlimov məhkəmənin və vəkillərin suallarını cavablandırıb:
"Öncə onu bildirim ki, istintaq dövründə Zamiqlə vəkili istintaqa deyiblər ki, bu adama (Fərrux Ələkbərova işarə edir) Pərviz pul verib, satın alıb. Halbuki mən bu adamı istintaq müddətinə kimi tanımamışam. Zamiqin mənə vurduğu ziyan rəsmi olaraq 572100 manat məbləğində göstərilib. Amma Zamiq bu rəqəmdən daha çox məbləğdə ziyan vuraraq, məni oyunlara salıb".
Məhkəmə digər şahid ifadələrinin dinlənilməsi üçün növbəti prosesi 1 may 09:30-a təyin edib.
İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui-istifadə edərək, onların 1 milyon manata yaxın pulunu mənimsəyib. İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.
Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı P.S-dir.
O, iş adamına Neftçaladakı "Olimpiya İdman Kompleksi"nin tikintisində isrifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək, pulunu ödəyəcəyinə söz versə də, həmin vəsaiti mənimsəyib.
Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S- nin etibarından istifadə edərək onun "Maserati Ghibli" avtomobilini dəyərindən çox ucuz qiymətə 48 min ABŞ dollarına sataraq ələ keçirib. O, bundan başqa, iş adamına məxsus daha bir avtomobilini "Mersedes-Benz S-Klass"markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytarıb, lakin 35 min ABŞ dollarını isə özünə götürüb.
Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S nin ümümilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.
Təqsirləndirilən bundan basqa tanış olduğu S.V. də aldadaraq ona müxtəlif tikinti lahiyələrində iştirak edərək külli miqdarda qazanc əldə etmək adı ilə külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib.O, S. V-nin ümümilikdə, 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.
Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə olub.O işçisinə verməli olduğu 5690 manatın əvəzinə ona verəcəyinə söz verdiyi "Kia"markalı avtomobili verməyərək həmin məbləği də mənimsəyib.
Hakim Elnur Nuriyev təqsirləndirilən Zamiq Xankişiyevə onun ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə 10 ildən 15-dək məhkum oluna biləcəyini xatırlatsa da Xankişiyev buna görə özünü təqsirli bilməyib.
Xatırladaq ki, Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin biznesmen oğlu Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq (xüsusilə külli miqdarda dələduzluq) pulunu ələ keçirməkdə ittiham olunur.
Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.
Hazırda cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Mətbuata üz tutan vətəndaşlar "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış atası Fəyyaz Xankişiyevi də dələduzluqda ittiham ediblər. Fəyyaz Xankişiyev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub.
F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.
Hazırda dələduzluqda ittiham olunan oğul Zamiq Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, "Bentley" markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.