Türkiyənin İstanbul şəhərində aralarında azərbaycanlıların da olduğu beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, həmin şəxslər müxtəlif ölkələrin vətəndaşlarını investisiya və “Forex”də qazanc vədi ilə aldadıblar. Keçirilən əməliyyatda saxlanılanların sayı 56-ya çatıb.
Yerli mediadakı xəbərə görə, daxil olan məlumatlar əsasında İstanbul prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları araşdırma aparıb.
Araşdırma zamanı Şişli qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birinin rezidensiyasında “Vend Teknoloji” adı ilə fəaliyyət göstərən şirkətin zahirən çağrı mərkəzi kimi işlədiyi, əslində isə əsasən Yaponiya və Cənubi Koreya vətəndaşlarını hədəfə alaraq beynəlxalq dələduzluqla məşğul olduğu müəyyən edilib.
Şirkət rəhbərlərinin telefonlarında çoxsaylı fərqli istifadəçi hesablarının və şirkətin hesablarına hər gün təxminən 1 milyon dollar vəsait daxil olduğu, həmçinin cinayət yolu ilə əldə edilən gəlirlərin Türkiyə daxilində leqallaşdırıldığı aşkarlanıb.
Əldə olunan sübutlar əsasında rezidensiyada əməliyyat-axtarış və müsadirə tədbirləri həyata keçirilib. Nəticədə 3-ü Azərbaycan, biri Qırğızıstan, biri Özbəkistan, biri Cənubi Koreya, biri isə Yaponiya vətəndaşı olmaqla ümumilikdə 56 şübhəli saxlanılıb.
İstintaqın xüsusilə külli miqdarda dələduzluq, Kapital Bazarı Qanununun tələblərinin pozulması, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratma və cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması maddələri üzrə çoxşaxəli şəkildə davam etdirildiyi bildirilib.