Toyda 92 nəfərin  zəhərləndiyi   restoranın fəaliyyəti məhdudlaşdırıldı - YENİLƏNİB
01 oktyabr 2026 18:53 (UTC +04:00)

Toyda 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı - YENİLƏNİB

0

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.

AQTA-dan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.

***

18:52

Kürdəmirdə baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***
09:57

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Dünən saat 20:50-də 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Həmçinin AQTA-dan bildirilib ki, Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Agentlik tərəfindən araşdırma aparılır.

Qeyd olunub ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***
00:57

Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 50 nəfərə çatıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, müraciət edənlərin sayının artacağı istisna edilmir.

***
23:33

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.

Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4068

Oxşar yazılar