"Rəhbərlik məlumatlandırılmışdı"  - Kanalizasiyaya düşərək ölən Cümşüdün MƏHKƏMƏSİ
11 iyun 2026 11:52 (UTC +04:00)

"Rəhbərlik məlumatlandırılmışdı" - Kanalizasiyaya düşərək ölən Cümşüdün MƏHKƏMƏSİ

0

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid S.N Bakı Su Kanal İdarəsinin əməkdaşı olduğunu, yağış və tullantı sularının, quyuların yuyulmasına nəzarət etdiyini bildirib:

"Hadisə baş verəndə o ərazidə olmamışam. Bizi çağırdılar, FHN əməkdaşları ilə birlikdə hadisə yerinə getdik, axtarışa başladıq. İki gün axtarış tədbirləri davam elədi. İki gündən sonra iyunun 28-də mərhumun cəsədi Hövsan ərazisində tapıldı. Həmin ərazidə yanvar ayından başlayaraq ard-arda çökmələr baş verirdi. Rəhmətliyin düşdüyü yer asvalt idi. Mən işlərimizin çoxluğu səbəbindən həmin ərəfələrdə o ərazidə olmamışam. Şöbəmizin əməkdaşları iyunun 18-də oranın tam da olmasa dəmirlənməsi ilə bağlı görüntülər götürmüşdülər, rəhbərlik istismara yararsızlıq barəsində məlumatlandırılmışdı. Ərazinin təhlükəsizliyinə təhlükəsizlik texniki şöbəsi cavabdeh idi. Mərhumun düşdüyü quyu ilə bağlı iş əmri açılmışdı, lakin dəqiq tarixi xatırlamıram. İş əmri açılmadan təmir işlərinin aparılması mümkün deyil. Əgər çəpərləmə vardısa, yəqin ki, iş əmri açılmışdı".

Təqsirləndirilən Azər Cümşüdov bildirib ki, iş əmri baş idarənin Operativ İdarəetmə Şöbəsi tərəfindən hadisə baş verəndən iki saat sonra açılıb.

Növbəti proses 23 iyun saat 10:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 29 yaşlı Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb. Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar