Yekaterinburqun Leninski Rayon Məhkəməsində Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Vidadi Mustafayevə qarşı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur. İstintaqın versiyasına görə, Mustafayev üç sahibkarı aldadıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, iddialara görə Mustafayev özünü hüquq-mühafizə orqanlarında və KİV-də əlaqələri olan şəxs kimi təqdim edərək müxtəlif məsələlərin həlli müqabilində sahibkarlardan pul alıb. Söhbət kommersiya mübahisələrinin həllindən tutmuş, ictimai iaşə obyektləri üçün torpaq sahələrinin icarəyə rəsmiləşdirilməsinə qədər müxtəlif xidmətlərdən gedir.
İddia olunan ilk epizod 2025-ci ilin sentyabrına aiddir. İttihama görə, Mustafayev tanışı Fərid Boliyevi onun ticarət sahəsində rəqibləri ilə yaranmış problemi həll edə biləcəyinə inandırıb. Bunun üçün guya hüquq-mühafizə orqanlarının əməkdaşları və KİV nümayəndələri ilə razılaşmaq məqsədilə 700 min rubl lazım olduğunu deyib. Lakin istintaq hesab edir ki, həmin vəsaiti özünə mənimsəyib.
İkinci zərərçəkmiş Andrey Pankratov olub. Mustafayev ona Moskvada yarımçıq tikilinin mülkiyyətə keçirilməsi və həmin obyektin yerləşdiyi torpaq sahəsinin icarəsinin rəsmiləşdirilməsində kömək edəcəyini vəd edib. O, Moskva Şəhər Əmlak Departamentində əlaqələrinin olduğunu bildirib və xidmətlərinə görə 10 milyon rubl istəyib. İstintaqın versiyasına görə, o, nəticədə 5 milyon 190 min rubl əldə etdikdən sonra öhdəliyini yerinə yetirməyib.

İddialar arasında ən iri epizod sahibkar Novruz Sadatovla bağlıdır. O, Mustafayevə 17,3 milyon rubldan artıq vəsait verib. İttihama görə, Mustafayev Sadatova Şartaş meşə-parkı ərazisində stasionar ictimai iaşə obyektlərinin yerləşdirilməsi və torpaq sahəsinin icarəsinin rəsmiləşdirilməsində kömək edəcəyini vəd edib. Bu "xidmət"in ümumi dəyəri 30 milyon rubl olaraq qiymətləndirilib. Bir neçə ay ərzində Sadatov puldan əlavə dəyəri 10 milyon rubl olan "Porsche Cayenne" markalı avtomobil və 1 karatlıq brilyant da verib.
Məhkəmədə Vidadi Mustafayev özünü təqsirli bilmədiyini və keçmiş biznes tərəfdaşlarının ona qarşı böhtan atdıqlarını bildirib. Onun sözlərinə görə, bütün maliyyə əməliyyatları real biznes münasibətlərinin tərkib hissəsi olub və layihələrin təşəbbüskarı elə zərərçəkmişlərin özləri olublar.
"Mən hesab etmirəm ki, hər hansı dələduzluq etmişəm. Bu insanlar özləri mənə müraciət ediblər. Mən heç kimdən pul almamışam", – deyə Mustafayev məhkəmədə bildirib.
O, "Porsche" avtomobili ilə bağlı da açıqlama verib:
"Maşını həyat yoldaşıma lizinq və ya kreditlə almaq istəyirdim. Sadatov mənə xidmət təklif etdi və dedi ki, avtomobili Gürcüstandan iki dəfə ucuz qiymətə gətirə bilər. Mən də razılaşdım. Bundan sonra o, mənə müxtəlif avtomobil variantları göndərməyə başladı, biz həyat yoldaşımla birlikdə seçim etdik. Sadatovla razılaşmamız belə idi ki, yanvar-fevral aylarında onunla hesablaşacağam. Mənim heç bir tamah niyyətim olmayıb, hansısa gizli məqsəd də güdməmişəm".
Mustafayevin vəkili isə bildirib ki, zərərçəkmişlərin böhtan atmaq üçün motivi var. Onun sözlərinə görə, uğursuz birgə layihələrdən sonra onlar biznesdən kənarlaşdırılıblar. Müdafiə tərəfi hesab edir ki, cinayət işinin materiallarında pulun verilməsini və həmin vəsaitin mənşəyini təsdiqləyən obyektiv sübutlar yoxdur.
Vidadi Mustafayev 2025-ci il dekabrın 1-də Yekaterinburqda saxlanılıb. O, Şahin Şıxlinski həbs olunduqdan sonra özünü Uraldakı Azərbaycan diasporunun yeni rəhbəri elan edib.
Vidadi Mustafayev Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham olunur. Bu maddə üzrə onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.