Ukraynalı biznesmen gecəyarı ölkədən qaçdı: azərbaycanlı rəis vasitəsilə
15 noyabr 2025 16:12 (UTC +04:00)

Ukraynalı biznesmen gecəyarı ölkədən qaçdı: azərbaycanlı rəis vasitəsilə

0

Biznesmen və energetika sahəsində korrupsiya sxeminin fiqurantı Timur Mindiç Kiyevdəki mənzilində axtarışların başlanmasına bir neçə saat qalmış, noyabrın 10-da, gecə saat 2-də Ukraynadan çıxıb. Sərhədi keçmək üçün o, Lvovda fəaliyyət göstərən “TaymLyuks” adlı premium daşınma xidmətinin xidmətlərindən istifadə edib.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, “TaymLyuks” şirkəti Lvovda 2025-ci ilin mayında qeydiyyatdan keçib. Onun saytında qeyd olunur ki, şirkət Polşa, Moldova və Rumıniyaya premium-sinif daşımalar təklif edir. Müştərilərə “sürətli sərhəd keçidi”, “tam müşayiət” və “istəklərə uyğun fərdi marşrutlar” vəd edilir.

Müəyyən edilib ki, Mindiç Polşaya getmək üçün bu şirkətə məxsus “Mercedes-Benz S 350” avtomobilindən istifadə edib. Jurnalistlər mənbələrdən həmin maşının nömrələrini əldə ediblər. Daha sonra onlar nəqliyyat vasitəsini sosial şəbəkələrdə taparaq sahiblərinin kimliyini müəyyənləşdiriblər.

Maksim Vovk

Məlum olub ki, bu avtomobil həmin xidmətin sahibkarlarından biri 38 yaşlı lvovlu biznesmen Maksim Vovka məxsusdur. Digər tərəfdən həmin avtomobillə ölkəni tərk etməyin xidmət haqqı 1300 avro dəyərindədir.

Qeyd olunur ki, Maksim Vovkun daşımalar üçün istifadə olunan üç avtomobildən ibarət avtoparkı var: “Hyundai Avante”, “Mercedes-Benz S 350” və “Hyundai Sonata”.

Şirkətin mülkiyyətində daşınmaz əmlak yaxud nəqliyyat vasitələri göstərilmir, yalnız daxili və beynəlxalq sərnişindaşıma üçün aktiv lisenziya qeyd olunub. Kooperativin digər həmtəsisçisi azərbaycanlı Eldar Əsədullayevdir. O, Dövlət Sərhəd Xidmətinin Qərb regional idarəsində çalışıb. Nömrələrin yoxlanılması üçün istifadə olunan tətbiqlərdən birində o, “Qaçaqmalçılıqla mübarizə şöbəsinin rəisi” kimi qeyd olunub. Əsədullayevə dair ictimai deklarasiyalar jurnalistlər tərəfindən tapılmayıb.

Eldar Əsədullayev

Məlumata görə, 2025-ci ildə Əsədullayev öz bölməsinə qarşı məhkəməyə müraciət edib, çünki 2016–2018-ci illərdə xidmət zamanı ona əlavə ödənişlər hesablanmayıb. O, hesablamanın aparılmasını və məbləğin ödənilməsini tələb edib. Məhkəmə onun tərəfini tutub.

“TaymLyuks”un təsisçisi Maksim Vovk bildirib ki, “Şirkət sərnişinlərin sənədlərini yoxlamır. Bununla dövlət sərhədini keçərkən müvafiq dövlət orqanları məşğul olur. Mənim sualınızla bağlı şərh verəcək məlumatım yoxdur”.

Bunun əvəzində onun biznes partnyoru Eldar Əsədullayev qısa şəkildə cavab verib: “İlk dəfə eşidirəm”.

Bundan sonra o, telefonu bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar