Rusiyanın Yekaterinburq qarnizon hərbi məhkəməsində Sredneuralskın sabiq meri Andrey Zaşlyapinin və FTX-nın keçmiş əməkdaşı Artyom Şunailovun cinayət işi üzrə məhkəmə çıxışları başa çatıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, dövlət ittihamçısı Andrey Zaşlyapinə 6 il, Artyom Şunailova isə 8 il azadlıqdan məhrumetmə cəzası istəyib. Bundan əlavə, prokuror ittihamın yenidən təsnifləndirilməsini xahiş edib: sabiq merə Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 291-ci maddə (rüşvət verməyə cəhd), FTX-nın keçmiş əməkdaşına isə 159-cu maddə (dələduzluq) ilə ittiham irəli sürülməsi təklif olunub.
İstintaqın versiyasına görə, 2021-ci ildə təhlükəsizlik orqanının əməkdaşı pul müqabilində şəhər administrasiyasının əməkdaşları ilə bağlı aparılan cinayət işini araşdıran hüquq-mühafizə orqanlarına təsir göstərməyi və “mümkün nəticələri minimuma endirməyi” vəd edib. Rüşvətləri o, özünü Azərbaycan diasporunun nümayəndəsi kimi təqdim edən Vidadi Mustafayev vasitəsilə alıb. Hazırda Mustafayev Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) ilə həbs olunub.

Andrey Zaşlyapin