Bu gün "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli və Gülbəniz Əliyeva, İlahə Qasımova, Maarif Abbasov və Sevinc Məmmədsalayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Sevinc Məmmədsalayeva başqa iş üzrə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
Daha sonra Surxay Əliyevin vəkili Bəylər Məmişov vəsatət verərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Hikmət Nəcəflinin vəkili də həmin vəsatəti qaldıraraq, müvəkkilinin barəsində digər qətimkan tədbirinin seçilməsini istəyib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı yanvarın 11-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.