Jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Balakən rayon Məhkəməsində sədr Hümmət Səlimovun sədrliyi ilə keçirilən prosesdə Əfqan Muxtarlının anket məlumatları dəqiqləşdirilib.
Əfqan Muxtarlının vəkili Nemət Kərimli prosesdə bir neçə vəsatətlə çıxış edib.
O, Əfqan Muxtarlının barəsində cinayət işinə xitam verilməsi, ev dustaqlığına buraxılması və Gürcüstana sorğu göndərilməsi ilə bağlı vəsatət verib.
Hakim tərəfindən vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı dekabrın 14-ə təyin edilib.
Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.