İsgəndər Cavadovun oğlunun ölümü ilə bağlı TƏFƏRRÜATLAR - YENİLƏNİB
20 sentyabr 2013 11:22 (UTC +04:00)

İsgəndər Cavadovun oğlunun ölümü ilə bağlı TƏFƏRRÜATLAR - YENİLƏNİB

Regional Futbol Federasiyalarının (RFF) prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun oğlu Sübhan Cavadovun qəfil ölümü ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayev Lent.az-a açıqlamasında bildirib ki, S. Cavadov ötən gün AFFA-da çalışan iş yoldaşları ilə birgə Lənkəranda ezamiyyətdə olub. 

 

Onlar gündüz işlərini gördükdən sonra axşam yemək yeyiblər və öz otaqlarına dağılışıblar. Səhər vaxtı isə S. Cavadovu görməyiblər. Ona nə qədər zəng etsələr də, cavab verilməyib. Bundan sonra yoldaşları otağı açdıqda İ. Cavadovu yatağında ölü halda aşkarlayıblar.

 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə S. Cavadovun ezamiyyətə “Bakcell”in orta məktəblərlə bağlı layihəsi çərçivəsində yollandığını açıqlayıb. Onun sözlərinə görə, federasiya əməkdaşları əvvəlcə Gəncəyə, oradan da Lənkərana yollanıblar. M. Nərimanoğlu hadisənin “Qala” otelində baş verdiyini söyləsə də, ölümün səbəbini bilmədiyini deyib.

 

Lakin “Qala” otelindən belə bir hadisənin baş verdiyi nə təsdiq, nə də təkzib edilib. Otel əməkdaşı Lent.az-a əvvəlcə “Bizdə belə bir hadisə olmayıb” cavabını versə də, sonradan “Biz belə məsələlərlə bağlı açıqlama vermirik” sözlərini əlavə edib.

 

Lənkəran rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, S. Cavadovun meyiti “Qala” otelində yataqdan tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Faktla bağlı ekspertiza təyin edilib, araşdırma gedir.

 

****

10.43

 

Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib.


 

Apasport.az saytının əldə etdiyi xəbərə görə, Lənkəranda ezamiyyətdə olan S. Cavadov bu səhər yuxudan oyanmayıb.

 

Onun ürək tutmasından dünyasını dəyişdiyi güman edilir.

 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xəbəri təsdiqləyib: “Çox təəssüf ki, Sübhan Cavadov dünyasını dəyişib. Hazırda mən və mərhumun valideynləri Lənkərana gedirik”.

 

Qeyd edək ki, 25 yaşlı Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.

# 7892
avatar

Oxşar yazılar