Mehman Hüseynovun vəsatəti təmin edilmədi
17 noyabr 2017 16:28 (UTC +04:00)

Mehman Hüseynovun vəsatəti təmin edilmədi

 

Video-bloqqer Mehman Hüseynovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə,  Bakı Apellyasiya Məhkəməsində  hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Mehman Hüseynovun vəkilləri Fuad Ağayev vəsatətlə çıxış edərək xüsusi ittihamçı Musa Musayevin məhkəməyə dəvət edilməsini və M. Hüseynov saxlanılan zamanın Təhlükəsiz şəhər kameralarındakı görüntülərin məhkəmə təqdim edilməsini istəyib.

 

Vəsatət təmin edilməyib.

 

Proses dekabrın 1-də davam edəcək. 

 

Xatırladaq ki, Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin onun barəsindəki qərarı ləğv olunub. Cinayət işini yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıblar.

 

Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.

 

DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

 

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

 

Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252

Oxşar yazılar