Sumqayıt Apellyasiya Məhkəməsində yeddi nəfərə qarşı 80 min manatdan çox dələduzluq edən Qabil Seyidovun cəzasının 6 ay azaldılması barədə qərar verib.
Lent.az xəbər verir ki, məhkəmə Seyidovun həbsdə saxlanıldığı müddət nəzərə alındıqdan sonra onun üzərində qəti olaraq 3 il 3 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Məhkəmə təqsirləndirilənin iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini və digər yüngülləşdirici halları nəzərə alaraq onun şikayətini qismən təmin edib.
Xatırladaq ki, Qabil Seyidov müxtəlif şəxsləri ayrı-ayrı məsələləri həll edəcəyinə inandıraraq onların pullarını ələ keçirməkdə ittiham olunub.
Belə ki, o, bir tanışının həyat yoldaşını Sumqayıt şəhərindəki uşaq incəsənət məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək ondan ümumilikdə 31 min manat alıb.
Digər bir şəxsə Sumqayıtda yerləşən şəhərcikdən ev veriləcəyini vəd edərək 26 min manat pul alıb.
Qabil Seyidov başqa şəxsə məhkəmədə baxılan cinayət işi üzrə həbslə bağlı olmayan cəza təyin etdirəcəyini vəd edərək ondan 15 min manat, digər zərəçəkənin qohumunu isə müəyyən cinayət işi üzrə həbsdən azad etdirəcəyini vəd edərək 1 500 manat pul alıb.
Bundan başqa, o, bir şəxsin keçmiş həyat yoldaşının evdən çıxarılmasına kömək edəcəyi, başqa şəxsin keçmiş arvadını valideynlik hüququndan məhrum etdirərək uşaqlarının əlindən alınacağı barədə də vədlər verib.
Qabil Seyidov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.