Söhbət bahalı ev heyvanlarından düşəndə, pişiklər elit avtomobillərlə inamla rəqabət aparır. Dünyanın ən bahalı pişik cinsi olan Aşeranın qiyməti 100 min dollardan da yüksəkdir.
Lent.az xəbər verir ki, bu pişik Afrika servalı ilə ev pişiyi əsasında yaradılıb. Onun dəyəri Lamborghini avtomobillərinin qiyməti ilə müqayisə olunur. Yetişdiricilərin məlumatına görə, Aşera balasının qiyməti 125 min dollara qədər çata bilər. Məbləğ əsasən nəsil şəcərəsindən və seleksiyaçıdan asılıdır.
Bu qədər yüksək qiymətin əsas səbəbi nadirlik və unikal xarici görünüşdür. Aşera kiçik ölçülü yırtıcını xatırladır, lakin tamamilə ev şəraitində saxlanılan bir pişikdir. Bundan əlavə, bu cins yüksək intellekti və aktivliyi ilə seçilir. Sahibləri onu tez-tez “it xarakterli pişik” adlandırırlar. Ekzotik görünüş Aşeranı status simvoluna çevirib. Bir çox insanlar bu pişiyi məhz prestij naminə alırlar. Lakin yüksək qiymət yalnız gözəlliklə bağlı deyil. Genetik tədqiqatlar və seleksiya prosesi böyük maliyyə xərcləri tələb edir.
Yetişdiricilər bildirirlər ki, nadir pişik cinslərinə maraq ildən-ilə artır. İnsanlar unikal xüsusiyyətlərə görə yüksək məbləğ ödəməyə hazırdırlar. Aşera hazırda ən bahalı pişik olaraq lider mövqedə qalır. Heç bir başqa pişik cinsi onun qiymət səviyyəsinə yaxınlaşa bilmir. İkinci yerdə Savanna cinsi qərarlaşıb. Onun qiyməti 20 min dollardan 50 min dollara qədər dəyişir. Benqal pişikləri də bahalı cinslər siyahısına daxildir, lakin onların dəyəri adətən 10 min dolları keçmir. Mütəxəssislər vurğulayırlar ki, belə bir pişiyin alınması bir növ investisiyadır. Onlar xüsusi qulluq və saxlanma şəraiti tələb edir. Hər kəs bu xərclərə hazır olmur. Amma kolleksiyaçılar üçün bu, həyat tərzinin ayrılmaz hissəsidir.